ADB rəsmisi: "Miqrantların mənzil şəraitinə diqqət yetirmək lazımdır"

İnfrastruktur
  • 21 may, 2026
  • 11:13
ADB rəsmisi: Miqrantların mənzil şəraitinə diqqət yetirmək lazımdır

Yaşayış məntəqələrini planlaşdıran zaman şəhərsalma, nəqliyyat, sosial mənzil və ya əlverişli mənzil təminatı kimi məsələlər bir araya gəlir.

"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Srinivas Sampath Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.

"Biz ətrafımızdakı layihələrin təcrübəsini görmüşük. Ölkələrin birində müştərimiz dövlət-özəl tərəfdaşlığı (PPP) layihəsi həyata keçirmək etmək istəyirdi və bunun bütün yükü Sakit Okean adalarından birində idi. Lakin hər şey özəl sektorun üzərinə düşdüyü üçün təkliflər hökumətin gözlədiyindən təxminən üç dəfə baha oldu. Nəticədə, biz indi bir neçə digər ölkə ilə birlikdə, dövlət maliyyələşdirməsinin necə daxil ola biləcəyini və əsas infrastrukturu necə həll edə biləcəyini müəyyən etməyə çalışırıq ki, bu layihələrin riskini azalda bilək. Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan, yəqin ki, tamamilə bank sistemindən kənarda qalan miqrantların mənzil şəraitinə diqqət yetirmək lazımdır. Bu mənada kirayə mənzil layihələrini geniş miqyasda necə tətbiq edəcəyimizi düşünürük. İki səbəbə görə: birincisi, şəhər sakini olaraq, başqa şəhərdən köçmüşəmsə, çox güman ki, mənzilə investisiya etmək istəməyə bilərəm və ailəmin və uşaqlarımın rahat yaşaya biləcəyi, biznesimi və ya hər nədirsə, onu inkişaf etdirə biləcəyim keyfiyyətli, əlverişli mənzil axtarmaq istəyirəm. İkincisi, ipoteka almaq mənim imkanlarım xaricindədir. Miqrant işçi olaraq, hətta 10 % kredit-girov nisbəti olsa belə, məndə o qədər kapital olmaya bilər. Odur ki, biz bir neçə müştəri ölkəmizlə kirayə mənzilləri yeni bir aktiv sinfi kimi inkişaf etdirmək üçün çalışırıq", - deyə o qeyd edib.