ADB: Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu iqlimə davamlı infrastruktura nümunə olacaq
- 15 sentyabr, 2025
- 17:38

Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üzrə PPP (Dövlət-Özəl Tərəfdaşlığı) Texniki Yardım Sazişi (TAS) dövlət-özəl tərəfdaşlığı ilə baş tutan layihələrin innovativ və iqlimə davamlı infrastrukturlar ərsəyə gətirməsinə nümunə olacaq.
"Report" Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, bunu Bankın Bazarların İnkişafı və Dövlət–Özəl Tərəfdaşlıq Ofisinin rəhbəri Takeo Koike bildirib.
Onun sözlərinə görə, ADB-nin Hövsan layihəsinə göstərəcəyi dəstək Azərbaycanda su idarəçiliyinin yaxşılaşdırılmasına töhfə verəcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov isə qeyd edib ki, bu layihə su ehtiyatlarının qorunması, Bakıda sanitariya xidmətlərinin yaxşılaşdırılmasına dair hökumətimizin prioritetlərini əks etdirir, eyni zamanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın bir hissəsi olan təkrar emal olunmuş sudan istifadə üçün geniş imkan yaradır.
Layihə gündəlik 640 000 kubmetr tutuma malik Hövsan Təmizləyici Qurğular Stansiyasının bərpasını, istismarını və saxlanılmasını əhatə edəcək. Layihə çərçivəsində həmçinin, çirkab sularının daha yaxşı təmizlənərək Abşeronda kənd təsərrüfatında istifadə oluna bilməsi üçün stansiyanın müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulur. Layihənin dizayn et, qur, maliyyələşdir, idarə et və saxla modeli üzrə həyata keçirilməsi planlaşdırılır.
Bakıdan 15 kilometr şərqdə yerləşən Hövsan Təmizləyici Qurğular Stansiyası paytaxtın ən böyük çirkab su təmizləyici stansiyasıdır. Sovet dövründə inşa edilmiş stansiya hazırda yalnız qismən təmizlənmiş suları Xəzər dənizinə axıdır ki, bu da sahilboyu ekoloji çirklənməyə səbəb olur. Azərbaycan hökuməti çirkab su təmizləyici qurğularının yenilənməsini 2024-cü ildə qəbul olunan "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da prioritet sahələrdən biri elan edib.
ADB-in tranzaksiya məsləhət xidməti layihənin hazırlanması, bazarın araşdırılması, strukturlaşdırma və tender həyata keçirilməsini əhatə edəcək. Məqsəd layihənin şəffaflığını, maliyyə cəlbediciliyini və ən yaxşı beynəlxalq təcrübələrə uyğunluğunu təmin etməkdir. Layihə həmçinin gender bərabərliyinin təşviqini, ekoloji və sosial təminatlar üzrə beynəlxalq standartların inteqrasiyasını nəzərdə tutur.
Bu təşəbbüs "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasını dəstəkləyir və 2025–2029-cu illəri əhatə edən AİB-in yeni təsdiq olunmuş Ölkə üzrə Tərəfdaşlıq Strategiyası (ÖTS) ilə uyğunluq təşkil edir. ÖTS iqlimə davamlılıq və özəl sektorun inkişafı kimi əsas istiqamətləri vurğulayır.
Hövsan layihəsi dövlət layihələrinə maliyyə dəstəyi ilə yanaşı dövlət-özəl tərəfdaşlıq modelini təqdim edir. Bu layihə, Azərbaycanın su və şəhər infrastrukturuna AİB-in indiyə qədər dövlət sektoru üzrə ayırdığı 557 milyon ABŞ dolları həcmində maliyyələşdirmənin davamıdır, həmçinin mövcud ÖTS-in icrası dövründə bu sektora göstərilməsi planlaşdırılan dəstəyin əsasını təşkil edir.
Qeyd edək ki, ötən həftə Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində Asiya İnkişaf Bankı (ADB) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında ölkənin ən böyük obyektlərindən biri olan Hövsan Tullantı Sularının Təmizlənməsi Qurğusu üzrə PPP (Dövlət-Özəl Tərəfdaşlığı) üzrə Texniki Yardım Sazişi (TAS) imzalanmışdı.
Azərbaycan 1999-cu ildən bəri ADB-in üzvüdür və bu dövrdə bank ölkədə infrastrukturun yaxşılaşdırılması, ictimai xidmətlərin təkmilləşdirilməsi, habelə özəl sektorun inkişafının dəstəklənməsi məqsədilə 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
ADB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insan həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.
ADB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.