ADB Azərbaycanda dəmir yolu qovşağının yaxşılaşdırılması ilə bağlı 6 tövsiyə irəli sürüb
- 22 sentyabr, 2022
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda dəmir yollarının daha səmərəli və maliyyə cəhətdən dayanıqlı olması üçün əsas islahatların aparılması məsələsi nəzərdən keçirilməlidir.
"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) yeni araşdırmasında deyilir. Araşdırmada CAREC regionunun dəmir yollarının vəziyyəti qiymətləndirilir, investisiya, kommersiyalaşdırma və islahat imkanları müəyyən edilir.
Hesabat müəlliflərinin fikrincə, kommersiya yönümlü olmaması səbəbindən region ölkələrin bir çox dəmir yolu administrasiyası zərərlə işləyir.
“Regional ticarətin strukturunda baş vermiş dəyişikliklər uzaqməsafəli dəmir yolu daşımalarına tələbatın artmasına səbəb olsa da, regionda dəmir yolları çox vaxt digər magistral dəhlizlər və digər nəqliyyat növləri ilə rəqabət aparmaqda çətinlik çəkir”, - hesabatda deyilir.
Bununla əlaqədar olaraq, Asiya İnkişaf Bankı regionun dəmir yolu administrasiyaları üçün 6 əsas tövsiyə irəli sürür.
Birinci tövsiyə kommersiya uçotu sistemlərinin modernləşdirilməsidir. Hazırda regionun əksər dəmir yollarında beynəlxalq kommersiya standartlarına cavab verməyən uçot sistemlərindən istifadə olunur. Bu sistemlər dəmir yolu şirkətlərinin maliyyə göstəricilərini dəqiq ölçmək və hər bir fəaliyyətin maliyyə göstəricilərini ayrı-ayrılıqda hesablamaq iqtidarında deyil.
“Regionun dəmir yolları xərclər, gəlirlər və maliyyə göstəriciləri haqqında real zaman rejimində etibarlı və şəffaf məlumatı əks etdirən müasir kommersiya uçotu sistemlərini inkişaf etdirməlidir”, - hesabatda deyilir.
İkincisi, müəssisənin resurslarının planlaşdırılması tələb olunur. ADB səmərəliliyi və gəlirliliyi artıracaq kommersiya yanaşmaları əldə etmək üçün dəmir yollarına müəssisə resurslarının planlaşdırılması sistemlərini tətbiq etməyi tövsiyə edir. Bu sistemlər həmçinin dəmir yolu planlaşdırıcılarına işçi heyəti və ya nəqliyyat vasitələri kimi mövcud dəmir yolu resurslarını nəzərdən keçirməyə və onlardan ən yaxşı şəkildə necə istifadə edəcəyini müəyyən etməyə kömək edir. Bunlardan dəmir yolu xidmətlərinin və marşrutlarının dəyərini optimallaşdırmaq üçün istifadə etmək olar. Belə ki, bu, tarif səviyyələrini optimallaşdırmaq və hansı marşrutların daha sərfəli olduğunu müəyyən etmək üçün zəruridir. Bunlardan aktivlərin monitorinqi, səmərəliliyinin artırılması, istifadəsi və son nəticədə gəlirliliyi yaxşılaşdırmaq üçün istifadə olunur.
Üçüncüsü, tariflərin liberallaşdırılmasına ehtiyac var. Demək olar ki, regionun bütün ölkələri dəmir yolu ilə yükdaşıma tariflərini tənzimləyir.
Dəmir yollarının rəqabət mühitində fəaliyyət göstərməsi üçün CAREC ölkələri dəmir yollarının tarif tənzimlənməsinin liberallaşdırılmasını nəzərdən keçirməlidir. Bu, tariflərə bazar şərtlərinə uyğun düzəlişlərin edilməsi üçün zəruridir və onlara daha çox müştəri cəlb etməyə və gəlirləri optimallaşdırmağa kömək edəcək.
ADB-nin məlumatına görə, Azərbaycanın dəmir yolları və trafikin həcmi orta səviyyədədir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sərəncamında 116 dizel və 59 elektriklə işləyən lokomotivlər, həmçinin 4193 yük vaqonları var. “Parkın yenilənməsinə investisiya yatırılmasından sonra lokomotivlərin və vaqonların orta yaşı aşağı düşüb”, - hesabatda deyilir.
Regionda Gürcüstan, Monqolustan və Türkmənistanın dəmir yolları da bu tiplidir. Belə ki, Gürcüstanın dəmir yolu nəqliyyatı parkı 65 dizel və 105 elektriklə işləyən lokomotivdən, həmçinin 5001 yük vaqonundan ibarətdir. Monqolustanın dəmir yolu 128 dizellə işləyən lokomotivdən və 3319 yük vaqonundan, Türkmənistanınkı isə 119 dizellə işləyən lokomotivdən və 10 056 yük vaqonundan ibarətdir.
Dördüncüsü, ADB dövlət xidmətlərinin müqavilə əsasında göstərilməsini təklif edir.
"Region hökumətlərinin əksəriyyəti rentabelli olmasa belə dəmir yollarından sərnişindaşıma xidməti göstərməyi tələb edir. Bu, həm sərnişindaşımanın zərərlə işləməsinə, həm də yük daşımalarının gəlirliliyinin azalmasına səbəb olur. Nəticədə bəzi dəmir yolları öz aktivlərini mütəmadi olaraq müasirləşdirmək üçün kifayət qədər gəlir əldə edə bilmir”, - bank analitikləri deyirlər.
Onların fikrincə, bu problemi həll etmək üçün CAREC hökumətləri dövlət xidmətlərinin müqavilə əsasında göstərilməsini nəzərdən keçirməlidir. Məsələn, bu, hökumətlə dəmir yolu operatoru arasında bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. Müqaviləyə əsasən, operator müəyyən xidmətlərin göstərilməsini, hökumət isə həmin xidmətlərin göstərilməsi zamanı operatora dəymiş zərərin ödənilməsini öhdəsinə götürür. “Ayrı-ayrı xidmətlərə çəkilmiş xərclər və onların gəlirləri barədə dəqiq məlumat tələb olunduğundan belə kompensasiya mexanizminin tətbiqi müasir kommersiya uçotu və müəssisələrin planlaşdırılması sistemlərinin yaradılması ilə paralel aparılmalıdır”, - hesabatda deyilir.
Beşinci tövsiyə əsas olmayan fəaliyyətlərin qiymətləndirilməsini nəzərdə tutur.
"Dövlətlər öz dəmir yollarının əsas olmayan fəaliyyətlərini araşdırmalı, operatorların əsas diqqətini kommersiya əsasında xidmət göstərməyə yönəldə bilməsi üçün onları tədricən ləğv etməli və ya özəlləşdirməlidir. Qeyri-əsas fəaliyyətlərə tibbi xidmətlər və mənzil təminatı və s. daxil ola bilər. Bir çox əsas olmayan fəaliyyətlər çox xərc tələb edir və çox vaxt dəmir yollarının məhdud maliyyə resurslarının azalmasına səbəb olur”, - hesabatda deyilir.
Altıncı tövsiyə özəl sektorun iştirakının artırılması ilə bağlıdır.
ADB hesab edir ki, özəl şirkətlərin yük və sərnişin daşımalarının idarə edilməsinə cəlb edilməsi rəqabət yarada bilər ki, bu da xidmətin səmərəliliyinin və keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Hesabata görə, bir çox administrasiyaların dəmir yolu nəqliyyatı vasitələri parkı tələbatı ödəmək üçün təkmilləşdirilməli və ya genişləndirilməli olan köhnəlmiş vaqonlardan ibarətdir.
"Maliyyə göstəricilərinin zəif olması səbəbindən lazımi investisiyaları maliyyələşdirmək üçün vəsait çatmır. Mümkün həll yolu özəl sektora lizinq və ya icarə əsasında nəqliyyat vasitələrinin tədarükünü təklif etməkdir", - ADB analitikləri təklif edirlər.
Ümumiyyətlə, hesabat müəllifləri qeyd edirlər ki, zaman keçdikcə bazarlar dəyişir, bu səbəbdən dəmir yolları da digər nəqliyyat növləri ilə artan rəqabətlə üzləşir. İslahatların həyata keçirilməsi dəmir yollarının kommersiya cəhətdən səmərəli olması və dəyişən bazarlara uyğunlaşması ilə nəticələnə bilər.