ADB AZAL-a ESG hesabatlıqları üzrə inkişaf istiqamətlərini müəyyən etməyə dəstək olub
- 11 avqust, 2026
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankının (ADB) məsləhətçiləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dayanıqlı inkişaf və iqlim sahəsindəki maliyyə hesabatlılığının qlobal IFRS S1 və IFRS S2 standartlarına uyğunluğunun hərtərəfli qiymətləndirilməsini başa çatdırıblar.
"Report" ADB-yə istinadən xəbər verir ki, aparılmış təhlilin nəticələrinə əsasən, QSC-nin dayanıqlı inkişaf və iqlim sahəsində öz hesabatlılığını daha da təkmilləşdirə biləcəyi əsas istiqamətlər müəyyən edilib.
Qiymətləndirmə ESG (ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərinin tətbiqi üzrə texniki yardım proqramının başlanması üçün 2025-ci ilin dekabrında AZAL və ADB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində aparılıb. Təşəbbüs dayanıqlı inkişaf standartlarının aviadaşıyıcının biznes proseslərinə inteqrasiyasına, biznesin uzunmüddətli dəyərinin artırılmasına və dayanıqlı investisiyaların cəlb edilməsi imkanlarının genişləndirilməsinə yönəlib.
ADB cəmiyyətin əməkdaşları üçün Beynəlxalq Davamlılıq Standartları Şurası (ISSB) tərəfindən hazırlanmış ESG prinsiplərinin, eləcə də IFRS S1 və IFRS S2 standartlarının tətbiqi üzrə ixtisaslaşdırılmış praktiki seminar təşkil edib. İkigünlük təlimdə AZAL şirkətlər qrupunun müxtəlif bölmələrinin 50-dən çox mütəxəssisi, o cümlədən maliyyə, büdcə və strateji departamentlərinin əməkdaşları iştirak edib.
"Texniki yardım proqramı davam edir və Azərbaycanın aparıcı aviadaşıyıcısının korporativ hesabatlılığının və əməliyyat fəaliyyətinin qabaqcıl beynəlxalq standartlara tam uyğunlaşdırılmasına xidmət edir", - ADB qeyd edir.