ADA universitetinin tələbələri Bakıda şəhərsalma ilə əlaqədar layihələrini WUF13-də təqdim ediblər
- 20 may, 2026
- 16:19
Yeniliklərdən dərhal xəbərdar olun!
ADA universitetinin tələbələri Bakıda şəhərsalma ilə əlaqədar hazırladıqları layihəni Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) təqdim ediblər.
"Report" xəbər verir ki, onların hazırladıqları layihə Bakı şəhərinin ən aktiv nöqtələrindən biri olan "Port Baku" və "Crescent Mall" arasında yerləşən yeraltı keçidin yenidən dizaynı üzərində qurulub.
Layihənin əsas məqsədi insanların sadəcə istifadə edib keçdiyi bir məkanı daha təhlükəsiz, rahat və emosional təsir yaradan urban mühitə çevirməkdir. Tələbələrin apardığı SWOT analizlər, sorğular və tədqiqatlar nəticəsində müəyyən olunub ki, ərazi daha yaxşı işıqlandırmaya, əlçatanlığa, sürüşməyən materiallara və insan yönümlü həllərə ehtiyac duyur.
Müsabiqədə birinci yeri tutan komandanın nümayəndəsi Sevinc Əhmədova vurğulayıb ki, konseptlərini "Light and Art" ideyası üzərində qurublar:
"Biz istəyirdik ki, yeraltı keçid yalnız keçid funksiyası daşımayaraq insanların diqqətini çəkən, onları ilhamlandıran və şəhərin mədəni kimliyini əks etdirən bir məkana çevrilsin. Bu məqsədlə layihədə xüsusi projektor sistemləri vasitəsilə dəyişən rəqəmsal sənət əsərlərinin nümayişini təklif etdik. Vizual məzmunlar həm Azərbaycan mədəniyyətini və milli dəyərləri əks etdirəcək, həm də beynəlxalq incəsənət nümunələrini özündə birləşdirəcək".
İkinci yerə çıxan komandanın nümayəndəsi Həlimə Qaçabəyova qeyd edib ki, "Baku Fusion" layihəsi Bakı şəhərində yerləşən yeraltı keçidin yenidən dizayn olunmasını və onun sadəcə funksional keçid deyil, şəhər təcrübəsinin bir hissəsinə çevrilməsini hədəfləyir:
"Layihənin əsas konsepti "Dənizdən Şəhərə" ("Sea to City") yanaşmasına əsaslanır və Bakının iki əsas simvolunu - Xəzər dənizinin axıcılığını və şəhərin memarlıq siluetini bir araya gətirir. Dizayn ideyası dənizin hərəkəti, dalğaların ritmi və şəhərin dinamik urban mühiti üzərində qurulub".
Müsabiqədə üçüncü yer tutan komandanın nümayəndəsi Sara Quliyevanın sözlərinə görə, təqdim etdikləri "The In-Between" layihəsində əsas məqsəd Port Baku ilə Crescent Mall arasındakı yeraltı keçidi yenidən düşünmək idi:
"Biz bu məkanı sadəcə insanların bir nöqtədən digərinə keçdiyi tunel kimi deyil, şəhərin ritmini hiss etdirən urban keçid məkanı kimi araşdırdıq. Dizayn konsepsiyamızı "axın" və "keçid" anlayışları üzərində qurduq. Məkan daxilində forma, işıq və materialların davamlı əlaqəsi vasitəsilə daha intuitiv və fasiləsiz bir təcrübə yaratmağa çalışdıq".