Açıq hökumət məlumatları üçün yaradılan portalla bağlı ciddi problemlər mövcuddur

İnfrastruktur
  • 07 fevral, 2017
  • 15:50
Açıq hökumət məlumatları üçün yaradılan portalla bağlı ciddi problemlər mövcuddur

Bakı.7 fevral. REPORT.AZ/ "Azərbaycanda dövlət orqanlarının məlumatlar toplusu və əlavə vasitələrə giriş əldə etmək üçün yaradılan www.data.gov.az portalı yaradılsa da, onun içi boşdur. Açıq hökumət məlumatları üçün yaradılan portalla bağlı bir sıra ciddi problemlər mövcuddur."

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Açıq hökumət məlumatları"na dair konfrans çərçivəsində aparılan müzakirələrdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

"Portal yaradılıb, amma orada heç nə yoxdur. Ciddi problemlərin olduğunu görürük. Hesab edirəm ki, açıq məlumatların təsnifatı yaradılmalıdır. Açıq məlumatların əldə edilməsi üçün hüquqi sənəd, hətta sərəncamın verilməsi bu işin qeyri-müəyyənliyini həll edə bilər" - O.Gündüz bildirib.

Açıq məlumatlar sisteminin real iş rejmində fəaliyyəti ilə bağlı Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən böyük gözləntiləri olan O.Gündüz deyib ki, portalın fəaliyyəti üçün qiymətləndirmə meyarları, metodiki vəsaitlərin hazırlanması çox mühüm rol oynaya bilər.

"Bu portalın xüsusi işlək olması üçün həm də tarif məsələsini də diqqətdə saxlamaq. Məlumatların portala inteqrasiyası üçün maliyyə vəsaitləri lazımdır. Maliyyə Nazirliyi pul verməyi sevmir. Ona görə hesab edirəm ki, ayrıca dövlət proqramının yaradılması daha məqbuldur" - O.Gündüz qeyd edib.