BMT rəsmisi: Kənd əhalisi azalır, dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir
- 19 may, 2026
- 12:28
Kəndlərdə əhalinin sayı azalır, dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamentinin şöbə müdiri, ABŞ-li demoqraf və əhali məsələləri üzrə mütəxəssis Çeril Savyer Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Gələcək şəhərləşmə: şəhəriniz yaxın onilliklərdə necə dəyişəcək?" adlı sessiyada deyib.
Onun sözlərinə görə, ölkələr və şəhərlər üzrə əhali sıxlığı fərqli formalarda təzahür edir:
"Məsələn, Yaponiyada 50 000-dən çox sakini olan şəhərlər olduğu halda, Norveçdə 200 sakini olan yaşayış məntəqələri də mövcuddur".
Mütəxəssis dünya üzrə kənd əhalisinin sayının 2040-cı ildən sonra azalmağa başlayacağını bildirib:
"Dünya daha çox şəhərləşmə istiqamətində hərəkət edir. Əlbəttə, dünyanın ayrı-ayrı yerlərində urbanizasiya özünü fərqli şəkildə göstərir. Amma istənilən halda, biz şəhərləşmənin ümumən sürətləndiyini deyə bilərik".
O, həmçinin 2025-ci ilə qədər ən çox əhalisi olan şəhərin Tokio olduğunu, lakin hazırda onun yerini Cakartanın tutduğunu vurğulayıb.