53 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib
- 21 oktyabr, 2025
- 17:28
Yeniliklərdən dərhal xəbərdar olun!
"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə müsabiqənin qalibi müəyyən edilib.
Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, 53 nömrəli marşrut üzrə hüquqi şəxs "Transkontrol" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.