2040-cı ilə qədər Orta Dəhliz boyu gözlənilən tranzit yük axınları açıqlanıb

İnfrastruktur
  • 14 avqust, 2023
  • 12:27
2040-cı ilə qədər Orta Dəhliz boyu gözlənilən tranzit yük axınları açıqlanıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə konteyner daşımaları 2022-ci ildəki 18 min TEU-dan 2040-cı ilə qədər 130 min TEU-ya yüksələcək.

“Report” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına istinadən xəbər verir ki, 2022-ci ildə Aktau və Bakı limanları arasında konteyner daşımalarının ümumi həcmi təxminən 33 min TEU təşkil edib. Qazaxıstanın cənubundan (Orta Dəhliz vasitəsilə) 18 min TEU, şimalından isə 15 min TEU keçib.

Proqnozlara görə, 2025-ci ildə konteyner daşımaları 80 min TEU, 2030-cu ildə 110 min TEU, 2035-ci ildə isə 125 min TEU səviyyəsində gözlənilir.

“Özəl sektor və istənilən daşıma üçün dəhliz seçimi əsasən üç amillə müəyyən edilir: yola sərf edilən vaxt, proqnozlaşdırıla bilməsi və başlanğıc nöqtəsindən təyinat nöqtəsinə qədər olan yol xərclərilə. Bunlar bu marşrut üzrə fəaliyyət göstərmək istəyən şirkətlərin qərarlarına təsir edən əsas aspektlərdir”, - araşdırmada bildirilib.

Hər bir marşrut üzrə real vaxt və çatdırılma xərclərini, həmçinin başlanğıc nöqtələri, təyinat məntəqələri, nəqliyyat növləri və dəhlizlər nəzərə alınmaqla, Orta Dəhliz üzrə konteyner daşımalarının həcmini qiymətləndirmək üçün tələbat və nəqliyyat modelləri hazırlanıb. Daha sonra tranzit vaxtı və etibarlılığı, hər TEU üçün xərc, başlanğıc/təyinat yerindən Avropaya olan məsafə və sərhəd keçidlərinin sayı daxil olmaqla, alternativ variantlar üçün seçim modeli hazırlanıb.

“Təklif olunan bütün layihələr həyata keçirilərsə, bu zaman Orta Dəhlizdə Avropa İttifaqı (Aİ) və Asiya mərkəzləri arasında maneəsiz tranzitin vaxtı 13 günə çata bilər. Bu halda konteyner daşımalarının maksimal həcminin 865 min TEU-ya çatdırılması mümkündür. Eyni zamanda, Şimal və Cənub Trans-Xəzər dəhlizləri vasitəsilə yükdaşımaların həcminin müvafiq olaraq 270 min TEU və 254 min TEU səviyyəsində olacağı gözlənilir. Beləliklə, 2040-cı ilə qədər bu marşrutun əməliyyat səmərəliliyinin yüksəldilməsi üçün bütün tədbirlər görülərsə, dəhlizlər vasitəsilə Mərkəzi Asiyadan Avropaya ümumilikdə 1,4 milyon TEU konteyner nəql ediləcək”, - hesabatda qeyd edilib.

Baza ssenarisində 2040-cı ilə qədər Mərkəzi Asiyada regional ticarət üçün istifadə ediləcək konteyner daşımalarının 470 min TEU-ya çatdırılması gözlənilir: “Bu, Orta Dəhliz boyu gözlənilən 865 min TEU tranzit trafiki və qeyri-konteyner daşımalarında gözlənilən artım fonunda infrastruktura ciddi təzyiq göstərə bilər. Buna görə də tranzit daşımalarında gözlənilən artımı qarşılamaq üçün tutum və istismarda genişmiqyaslı təkmilləşdirmələrə ehtiyac var”, - hesabat müəllifləri vurğulayıblar.

Proqnozlara görə, 2025-ci ildə regional ticarətin həcminin 282 min TEU, Orta Dəhliz boyu 293 min TEU, 2030-cu ildə müvafiq olaraq 334 min TEU və 507 min TEU, 2035-ci ildə müvafiq olaraq 396 min TEU və 731 min TEU olacağı gözlənilir. Halbuki 2022-ci ildə Mərkəzi Asiyada konteyner daşımaları 266 min TEU təşkil edib, Trans-Xəzər dəhlizi vasitəsilə 18 min TEU daşınıb.

Qeyd edək ki, Asiya ilə Avropanı birləşdirən Şimal Dəhlizi Çindən başlayır, Qazaxıstan, Rusiya və Belarusdan keçərək Polşa vasitəsilə Aİ-yə daxil olur. Qatarlar həmçinin Monqolustandan və ya Trans-Sibir dəmir yolu ilə birbaşa Rusiyadan keçir. Bu marşrutun uzunluğu təxminən 10 min km, malın yolda olma müddəti isə orta hesabla 14 gün təşkil edir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Asiya və Avropanı Qazaxıstan və Xəzər dənizi vasitəsilə birləşdirir. Mallar Bakı limanı vasitəsilə Qafqaza daxil olur və Gürcüstana doğru yola davam edir, oradan isə Bolqarıstan və ya Rumıniya vasitəsilə Aİ-yə çatmazdan əvvəl iki alternativ yol var: Türkiyədən keçməklə quru yolu və Qara dənizdən keçməklə dəniz yolu. EBRD analitikləri qeyd edirlər ki, o, Şimal Dəhlizindən daha qısa (7 min km) olsa da, hazırda özündə 14 gündən 45 gün arasında dəyişən, lakin şəraitdən asılı olaraq 60 günə qədər davam edə bilən gözlənilməz yolda olma müddəti ehtiva edir.

Cənub Dəhlizi Bolqarıstan və ya Yunanıstan vasitəsilə Avropaya çatmazdan əvvəl Qırğızıstan və ya Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyədən keçir. Tədqiqatda qeyd edilir ki, Cənub Dəhlizi boyunca digər potensial marşrut Əfqanıstan və Mərkəzi Asiyadan keçərək Qafqaz vasitəsilə Aİ-yə keçir, lakin bu variant geosiyasi səbəblərdən bu tədqiqatın məqsədləri üçün qiymətləndirilməyib. Bu, avtomobil daşıyıcılarının daha çox üstünlük verdiyi quru dəhlizdir, çünki o, Xəzər dənizi ilə kəsişmədən, onunla bağlı problemlərlə, o cümlədən limanların qeyri-səmərəliliyi və məhdud və gözlənilməz tranzit vaxtları ilə üzləşmədən malların daşınmasını təmin edir. Qeyd olunur ki, Aİ-yə daxil olmayan təyinat nöqtələri üçün tranzit vaxtı təxminən 14-20 gün təşkil edir, lakin 60 gün və ya daha çox da çəkə bilər.

44 - Tezliklə