Xalq artisti: Gənc aktyorun nübar meyvəni almağa pulu yoxdursa, səhnədə şah rolunu necə oynayacaq?
- 16 sentyabr, 2025
- 15:09

Əvvəllər gənclər universiteti bitirib, hansısa rayona təyinat alırdı və orada dərhal bütün ehtiyacları qarşılanırdı, indi isə belə deyil.
Bunu "Report"a müsahibəsində Xalq artisti İlham Namiq Kamal deyib.
Onun sözlərinə görə, Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanda yeganə universitetdir ki, bütün dövlət teatrlarını mütəxəssislə təmin edir:
"Bura Bakı da daxildir, regionlar da. Oranı bitirən tələbələrin iş tapa bilməməsi isə doğrudur. Bu da təyinat məsələsi ilə bağlıdır. Tutaq ki, səni göndərdilər Gəncəyə, gedirsən, bəs sonra? Sonrası yoxdur. Nə ev verən var, nə xərclərini qarşılayan. Regionlara gedən gənc kadr bilmir ki, 500 manat maaşla kirayə pulunu versin, ya öz xərclərini qarşılasın..."
Xalq artisti bildirib ki, gənclər üçün ehtiyac məsələsi lap çətindir:
"Mən bunu həmişə demişəm, yenə deyirəm, Allah heç kəsi ehtiyacla sınağa çəkməsin. Sənət adamı ehtiyac içində olacaqsa, qürurunu itirəcək. Kiminsə əlinə baxacaq, qürurlu olmayacaq. Gənc aktyorun nübar meyvəni almağa pulu yoxdursa, sabah səhnədə necə şah rolunu oynayacaq? Bu adam ehtiyac içində burulğandadır, nə şah, nə vəzir?"
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.