NUR Art House-da “Bağça-bağda süzən quşlar” adlı sərgi açılıb

İncəsənət
  • 01 iyul, 2017
  • 14:33
NUR Art House-da “Bağça-bağda süzən quşlar” adlı sərgi açılıb

Bakı. 1 iyul. REPORT.AZ/ NUR Art House və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi  “Bağça-bağda süzən quşlar” adlı tədbir keçirib. 

Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə sənətşünaslıq doktoru, professor Röya Tağıyeva mədəniyyətlərarası dialoqun ən bariz nümunəsi olan Azərbaycan xalça sənətinin dünya incəsənətinə təsiri və ondan əxz etdiyi məqamları “Zamanın və xalqların incəsənəti: qarışılıqlı təsir və qarşılıqlı zənginləşmə” mövzulu tematik, interaktiv mühazirəsində ümumiləşdirərək, qonaqlara Rusiyanın tanınmış fırça ustalarının əsərlərinin bitkinləşməsində böyük rol oynayan Azərbaycan xalçalarından bəhs edib. O, həmçinin Qarabağ və Quba xalça məktəblərinə aid bəzi əsərlərin nümunəsində Azərbaycan xalq tətbiqi sənətinə rus mədəniyyətinin təsirini əyani şəkildə ziyarətçilərə təqdim edib. 

Tədbir çərçivəsində həmçinin “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvləri: xalçaçı-rəssam Eldar Hacıyevin və bədii tikmə ustası Elmira Qasımovanın, Hökumə Qasımovanın, xalçaçı Rəhilə Əhmədovanın əsərlərindən ibarət proqram-sərgi tamaşaçıların ixtiyarına verilib. Toxucu Gülnarə Əliyeva isə tamaşaçılara müxtəlif xalça texnologiyalarını təqdim edib.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyev sərgidə nümayiş etdirdiyi “İsusun həyatı”, “Vladimir ikonası” əsərlərinin yaranma tarixçəsini və aşıladığı məzmunu tamaşaçılarla bölüşüb.

Tədbirdə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin baş mütəxəssisi Yelena Konstantinovna Şişkalova, Rus Muzeyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Cavad Quliyev, Azərbaycan Kazakları Cəmiyyətinin atamanı Sergey Samuylov və cəmiyyətin üzvləri, rus icmasının Nərimanov rayonu bölməsinin nümayəndələri iştirak ediblər.

Sərgi iyulun 10-dək davam edəcək.