Müşavir: Murad Yegizarovun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir
- 16 sentyabr, 2025
- 14:44

Xalq artisti Hacı Murad Yegizarovun ölümü Azərbaycan mədəniyyəti üçün böyük itkidir.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov Xalq artisti Murad Yegizarovun dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mərhum həm Azərbaycan kinosunda, həm də teatrında bənzərsiz rollarla yaddaşlarda qalıb:
"Çox şanslı insanam ki, onunla həmkar olmuşam".
Nazir müşaviri həmçinin qeyd edib ki, Xalq artisti səhhətində yaranan problemlərə görə bir müddət idi ki, Bakıya gələ bilmirdi:
"Vəfat etdikdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə Vətənə gətirildi və burada dəfn olundu".
O.Əmirbəyov Xalq artistinin sənət irsinin əbədi yaşayacağına da əminliyini ifadə edib.
Qeyd edək ki, Hacı Murad Yegizarov uzun sürən xəstəlikdən sonra sentyabrın 13-də Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.