Milli və bəşəri dəyərlərin tərənnümçüsü - Ağaəli İbrahimov
- 06 fevral, 2026
- 11:10
Bu gün Azərbaycanın Xalq rəssamı Ağaəli İbrahimovun doğum günüdür.
6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olan görkəmli sənətkar orta təhsilini tamamladıqdan sonra 1960–1966-cı illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Hələ uşaq yaşlarından fərqli təfəkkürü ilə müəllimlərinin diqqətini çəkən Ağaəli İbrahimov tələbəlik illərində klassik Avropa rəssamlığı, Azərbaycan miniatür məktəbi, rus realizmi və impressionizm kimi müxtəlif cərəyanları dərindən öyrənərək özünəməxsus sənət dilini yaradıb.
Orijinal dəst-xətti, bənzərsiz yaradıcılıq axtarışları və rəng duyumu ilə seçilən fırça ustası 1966-cı ildən etibarən həm respublika, həm də beynəlxalq sərgilərdə Azərbaycan mədəniyyətini uğurla təmsil edir. Əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş etdirilərək sənətsevərlərin rəğbətini qazanıb.
Ağaəli İbrahimovun yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindən biri kompozisiya quruluşu ilə rəng duyumu arasında orijinal tarazlıq yaratmasıdır. Əsərlərində sakit və poetik ab-hava ilə dinamik və emosional ifadə gücü vəhdət təşkil edir.
Daim yenilik sorağında olan, fərqli bədii yanaşmaları fırça dilinə çevirən görkəmli sənətkar portret, mənzərə və natyurmort janrlarında qeyri-adi tapıntıları ilə seçilir. Müəllifin portretlərində daxili psixoloji müşahidəçilik, obrazın mənəvi aləmini üzə çıxarmaq və fərdi xarakteri qabartmaq bacarığı xüsusi diqqət çəkir.
Azərbaycanın kənd həyatı, doğma yurdun mənzərələri və qədim memarlıq abidələri rəssamın yaradıcılığında mühüm yer tutur. Bununla belə, o, şəhər mühitinin ritmini və coşğusunu da böyük ustalıqla təsvir edir. Bu qəbildən olan əsərlərində işıq-kölgə təzadları, rənglərin zəngin keçidləri və mürəkkəb kompozisiya həlləri bir-birini mükəmməl tamamlayır.
Rəssamın yaradıcılığı milli-mənəvi köklərə bağlılığı ilə yanaşı, həm də bəşəri dəyərlərin fəlsəfi axtarışı kimi qiymətlidir.
Azərbaycan xalqının qədim tarixi, məişət mədəniyyəti və zəngin adət-ənənələri rəssamın yaradıcılığında xüsusi çəkiyə malikdir. Tablolarında Novruz bayramının rəngarəngliyi, kənd həyatının səmimiyyəti, bazar səhnələri, qədim musiqi alətləri, milli geyimli obrazlar və folklor motivləri üstünlük təşkil edir.
Bununla yanaşı, sənətkarın müraciət etdiyi bəşəri mövzularda insan münasibətləri, təbiətə sevgi və ailə dəyərləri ön plana çıxır. Müəllif öz əsərlərində fərdi hissləri və fəlsəfi düşüncələri ilə yanaşı, ümumbəşəri humanist ideyaları da böyük ustalıqla təbliğ edir.
Ağaəli İbrahimov sənətkar olmaqla bərabər, həm də peşəkar pedaqoq kimi gənc nəslin estetik tərbiyəsi və yaradıcı inkişafı yolunda fədakarlıq göstərib. O, müxtəlif illərdə incəsənət məktəblərində və ali təhsil ocaqlarında dərs deyərək, onlarla gənc rəssamın peşəkar sənət yoluna qədəm qoymasına böyük dəstək verib.
Azərbaycan təsviri sənətinin inkişafı və dünya miqyasında təbliği sahəsində müstəsna xidmətləri olan sənətkarın irsi milli-mədəni xəzinəmizin ayrılmaz parçasıdır.
Həm rəssam, həm pedaqoq, həm də nümunəvi vətəndaş kimi mədəniyyətimizdə silinməz iz qoyan sənətkarı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!