Memarlar İttifaqının sədri: Sonuncu qurultayda üzvlər cavan kadrın sədr seçilməsinə razılıq vermədilər

İncəsənət
  • 13 oktyabr, 2026
  • 17:36
Memarlar İttifaqının sədri: Sonuncu qurultayda üzvlər cavan kadrın sədr seçilməsinə razılıq vermədilər

Memarlar İttifaqının sonuncu qurultayında üzvlər cavan kadrın sədr seçilməsinə razılıq vermədilər.

Bu sözləri "Report"a müsahibəsində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

İttifaq sədri 2012-ci ildən rəhbər seçildiyini qeyd edərək aparılan gənclər siyasətinə diqqət çəkib.

"Sədr seçildikdən sonra ittifaqa nə qədər gənc kadrlar cəlb olunub. Bu gün bizim idarə heyətinin 50%-dən çoxu 40 yaşına çatmamış memarlardır, yəni sizin təbirinizlə desək, gənc kadrlardır, cavanlardır. Nə üçün? Mən onları sabaha hazırlayıram. Elbay Qasımzadə ömürlük burada oturan deyil. Sizə tam səmimi deyirəm, sonuncu qurultayda mən məsələ qaldırdım ki, artıq 10 ildir, burada rəhbərəm, gəlin məndən cavan bir nəfəri seçək. Razılaşmadılar. Zalda 300 adam var idi, hamı bir ağızdan dedi ki, yox, Elbay müəllim, biz başqa adam istəmirik".

O bunu ittifaq üzvlərinə göstərdiyi dəstəklə əlaqələndirib.

"Çünki bilirlər ki, əgər kiminsə səhhətində bir problem yaranıb, gəlib müraciət edən kimi mən səhiyyə nazirinə zəng edəcəyəm, deyəcəyəm ki, bizim bir həmkarımız var, istedadlı, bacarıqlı adamdır, onun səhhəti ilə diqqətli maraqlanın. Yaxud birinin ev problemi olur, heç kəsə yox demirəm mən, bacardıqca, əlim çatan qədər müraciət edirəm, köməklik göstərirəm. Əgər mənim belə bir imkanım varsa, niyə bunu istifadə eləməyim? Mən demirəm ki, yaradıcı ittifaqlara yalnız yaşlı adamlar rəhbərlik etməlidirlər, xeyr. Sadəcə, burada, birinci növbədə, nüfuzdur".

Elbay Qasımzadə növbəti qurultayın 2027-ci ilin dekabrında olacağını qeyd edib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.