İlqar Fəhmi: Vaqif Poeziya Günləri ölkədəki ədəbi hadisələrin mərkəzinə çevrilib

İncəsənət
  • 17 iyul, 2026
  • 12:37
İlqar Fəhmi: Vaqif Poeziya Günləri ölkədəki ədəbi hadisələrin mərkəzinə çevrilib

Vaqif Poeziya Günləri ölkədəki ədəbi hadisələrin mərkəzinə çevrilib.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Vaqif Poeziya Günləri çərçivəsində AMEA və AYB-nin birgə təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, il ərzində ölkədə ədəbiyyatla bağlı zəngin tədbirlər proqramı nəzərdə tutulub:

"Bu il maraqlı tədbirlər silsiləsi planlaşdırılıb. Azərbaycanda yubileyi qeyd olunan bir çox şairlərimizin xatirə günləri və tədbirləri keçirilir. Bu gün də Mehmandarovların Ev Muzeyində dahi klassik şairimiz Xaqani Şirvaniyə həsr olunmuş konfrans təşkil olunur. Maraqlı cəhət ondan ibarətdir ki, adət etdiyimiz rəsmi konfrans formatından fərqli olaraq, tədbir bərpa olunmuş bu gözəl ev muzeyində sərbəst atmosferdə keçiriləcək".

O qeyd edib ki, qarşıdakı dövrdə Həsən bəy Zərdabinin xatirəsinə, Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasının yubileyinə və Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş tədbirlər də keçiriləcək.

AYB katibi vurğulayıb ki, Vaqif Poeziya Günləri artıq ölkədə keçirilən ən mühüm ədəbi hadisələrin toplandığı platformaya çevrilib:

"Vaqif Poeziya Günləri ölkədə baş verən bütün ədəbiyyat hadisələrinin bir növ mərkəzinə çevrilir. İl ərzində Azərbaycanda hansı əlamətdar yubiley və ədəbi hadisələr varsa, onların əksəriyyəti Vaqif Poeziya Günləri çərçivəsində də öz əksini tapır".

Konfrans müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Vaqif Poeziya Günləri Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

44 - Tezliklə