Azərbaycanlı rejissorun filmi Rusiyanın dağ yəhudilərinə təqdim olunub
- 19 noyabr, 2025
- 17:45
Rusiyanın paytaxtı Moskvada, Rusiya Dağ Yəhudiləri Birliyinin Mədəniyyət Mərkəzində azərbaycanlı rejissor Rüfət Əsədovun "Ana duası" filminin təqdimat mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbir Beynəlxalq Dağ Yəhudiləri Fondu və "Sholumi" Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Ekran əsəri Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir. Dağ yəhudilərinin ölkənin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunan filmdə Azərbaycan və yəhudi xalqlarının tarixi dostluğu tərənnüm olunur.
Filmin qəhrəmanı Oğuzda doğulan və hazırda İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından biri ravvin Şmuel Simantovdur.
Qeyd edək ki, filmin prodüsseri İsraildəki Azərbaycan diasporunun fəallarından olan Shaul Siman-Tovdur.
Sözügedən sənədli film rejissor Rüfət Əsədovun dağ yəhudiləri haqqında yeddinci filmidir.