UNICRI: Azərbaycan üçün AI-nin istifadəsinə mütəşəkkil hazırlıq əsas amildir - MÜSAHİBƏ

İKT
  • 06 oktyabr, 2025
  • 10:21
UNICRI: Azərbaycan üçün AI-nin istifadəsinə mütəşəkkil hazırlıq əsas amildir - MÜSAHİBƏ

Süni intellekt (AI) sahəsində innovasiyalar dövlətlər üçün yeni perspektivlər açır, lakin eyni zamanda etika və insan hüquqlarının müdafiəsindən strukturların mütəşəkkil hazırlığına qədər mürəkkəb suallar doğurur. Azərbaycan bu yaxınlarda təhlükəsiz və dayanıqlı ekosistemin formalaşdırılmasının vacibliyini önə çəkən 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasını təqdim edib.

BMT-nin Cinayətkarlıq və Ədalət Mühakiməsi məsələləri üzrə Regionlararası Elmi-Tədqiqat İnstitutunun (UNICRI) Süni intellekt və robot texnikası Mərkəzinin proqram mütəxəssisi Odran Makkarti (Odhran McCarthy) "Report"a müsahibəsində UNICRI-nin yanaşmasının bu strategiya ilə necə uzlaşdığı, əməkdaşlıq üçün hansı imkanların açıldığı, həmçinin süni intellekt sahəsində savadlılığın gələcəyin əsas amili olmasının səbəbləri barədə danışıb.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Azərbaycan bu yaxınlarda innovativ və təhlükəsiz süni intellekt ekosisteminin yaradılmasına yönəlmiş 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasını təqdim edib. UNICRI-nin AI idarəetməsinə yanaşması Azərbaycanın milli strategiyası ilə necə uzlaşır və əməkdaşlıq üçün hansı imkanlar mövcuddur?

- Düşünürəm ki, Azərbaycan üçün burada ən vacib məqam məhz mütəşəkkil hazırlıqdır. Bu, bir çox hallarda insan amili ilə müqayisədə texniki tərəflə daha az əlaqəlidir. Agentlik daxilində süni intellektlə bağlı ümumi anlayışı necə formalaşdıra bilərik? Potensialı, mədəniyyəti, mütəxəssisləri və s. necə inkişaf etdirməliyik?

Düşünürəm ki, bu, məhz Azərbaycan üçün məqsədəuyğundur və çox güman ki, onun öz strategiyaları və baxışı, eləcə də açığını desəm, innovasiyalara hazırlaşan və onları məsuliyyətlə tətbiq etməyə çalışan istənilən ölkə ilə yaxşı uzlaşır.

- UNICRI hüquq-mühafizə orqanlarında süni intellekt sahəsində məsuliyyətli innovasiyalar üçün alətlərin hazırlanmasında İnterpolla əməkdaşlıq edir. Azərbaycanın öz hüquq-mühafizə orqanlarını modernləşdirmək istəyini nəzərə alaraq, bu alətlərin hansı konkret aspektləri Azərbaycan polisi üçün daha faydalı ola bilər?

- UNICRI və İnterpol Avropa İttifaqının dəstəyi ilə bu alətləri yaradarkən biz ilk növbədə süni intellekt sahəsində baş verənləri hüquq-mühafizə icmasının ehtiyaclarına uyğunlaşdırmağa çalışmışıq.

Aydındır ki, AI hamımız üçün yeni bir sahədir və biz inkişafdan geri qalmamağa çalışırıq. Buna görə də alətlərin məqsədi əsasən hüquq-mühafizə orqanları kontekstində AI haqqında fundamental bilik və anlayışı təmin etmək, təsvir və izahları onların spesifikasına uyğunlaşdırmaq, materialı onlar üçün əlçatan etmək idi. Bu baxımdan, hesab edirəm ki, alətlərin ən böyük dəyəri giriş təlimat materiallarıdır: AI nədir, hüquq-mühafizə fəaliyyəti sahəsində necə tətbiq olunur, insan hüquqları və etikanın rolu nədən ibarətdir, "məsuliyyətli AI" polis üçün nə deməkdir. Fikrimcə, məhz əsas giriş məlumatları hüquq-mühafizə orqanları və ya bu sahədə işə hazırlaşan istənilən agentlik üçün ən dəyərli töhfədir.

- Azərbaycan AI sahəsində beynəlxalq əməkdaşlığı gücləndirməyə çalışır. UNICRI Azərbaycanla digər ölkələr və ya beynəlxalq təşkilatlar arasında AI (xüsusilə cinayətkarlığın qarşısının alınması və ədalət mühakiməsi) sahəsində daha sıx əlaqələrin qurulmasına necə kömək edə bilər?

- Bu, həqiqətən yeni bir sahədir və hamımız innovasiyaları necə tətbiq etməyi və bunu məsuliyyətlə necə həyata keçirməyi yenicə anlamağa başlayırıq. Düşünürəm ki, hamımızın bir-birimizdən öyrənəcəyi çox şey var və bu, yanaşmamızın böyük hissəsidir. Qeyd etdiyiniz kimi, biz alətlər hazırlamışıq və işimizin növbəti mərhələsi onları beynəlxalq agentliklərlə birlikdə tətbiq etməkdir.

Bu iş əməkdaşlıq üzərində qurulub. Avropa İttifaqının maliyyələşdirdiyi və İnterpolla birgə həyata keçirilən AIPOL layihəsinin yeni mərhələsi çərçivəsində biz dünyanın hər yerindən beş agentliyi bir araya gətirdik. Məqsəd onların təcrübə mübadiləsi aparmasına və AI-nin məsuliyyətli tətbiqinin onların təşkilatları üçün nə demək olduğunu müzakirə etməsinə şərait yaratmaqdır. İnnovasiyaları məsuliyyətlə tətbiq etməyə imkan verəcək proseslər və strukturlar necə yaradılmalıdır? Əməkdaşlıq və komanda işi bizim yanaşmamızın açarıdır.

Ümid edirəm ki, bu işin gələcək mərhələlərində Azərbaycanı da cəlb etmək imkanımız olacaq.

- AI texnologiyaları inkişaf etdikcə məxfilik və etik aspektlərlə bağlı narahatlıqlar artır. Azərbaycanda AI sahəsində fəaliyyətin insan hüquqları və etik prinsiplər sahəsində beynəlxalq standartlara uyğunluğunu təmin etmək üçün UNICRI hansı tədbirləri tövsiyə edir?

- Bizim alətlərimiz məhz mütəşəkkil hazırlıq konsepsiyasına diqqət yetirir və bu, həqiqətən də əsas məqamdır. AI-dən istifadə etməyə və ya hər hansı aləti inteqrasiya etməyə başlamazdan əvvəl agentliyin özünüqiymətləndirməsi həyata keçirilməlidir: bura hüquq şöbəsi, kadrlar şöbəsi, etik məsələlər ofisi, ictimai məlumat şöbəsi ilə müzakirələr, təşkilatın mövcud imkanları barədə məlumatlılıq, boşluqların və zəif tərəflərin müəyyən edilməsi, agentliyin daxili mədəniyyətinin təhlili daxildir.

Məhz erkən və dürüst özünüqiymətləndirmə, fikrimcə, texnologiyaların tətbiqi zamanı yaranması qaçılmaz olacaq risk və problemlərin minimuma endirilməsində ilk vacib addımdır. Beləliklə, erkən mərhələlərdə özünüqiymətləndirmə və düşüncə gələcəkdə AI-nin inteqrasiyası ilə bağlı daha mürəkkəb çağırışlara hazırlaşmağa kömək edir.

- AI sahəsində təhsilin əhəmiyyətini nəzərə alaraq, UNICRI AI etikası, idarəetməsi, onun cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsi sektorlarında tətbiqi sahələrində yerli ekspertiza və potensialın formalaşdırılmasında Azərbaycana necə dəstək verə bilər?

- Hesab edirəm ki, "AI savadlılığı" hazırda ən aktual məsələlərdən biridir. Biz öz biliklərimizi genişləndirməli və süni intellektin bizə - həm cəmiyyətə, həm fərdlərə, həm də təşkilatlara necə təsir etdiyini dərk etməliyik.

Hüquq-mühafizə orqanları ilə apardığımız işdə məhz süni intellekt savadlılığını inkişaf etdirməyə çalışırıq. Noyabr ayında hüquq-mühafizə orqanlarının rəhbərləri üçün ilk təlim kursuna başlayacağıq. Bu, onların rəhbər şəxsləri üçün bir növ AI savadlılığı proqramıdır. Məqsəd odur ki, onlar süni intellektin nə olduğunu, işlərinə necə təsir etdiyini, nələri bilməli olduqlarını müzakirə etməyə başlasınlar. Bu, bir növ "AI 101"dir. Bu, fəal şəkildə inkişaf etdirdiyimiz istiqamətdir.

Hesab edirəm ki, buna bənzər təşəbbüsləri təkcə hüquq-mühafizə sektorunda deyil, daha geniş şəkildə tətbiq etmək lazımdır. Süni intellekt sahəsində savadlılığın artırılması yaxın gələcək üçün mühüm addımdır.

Son xəbərlər

Bütün Xəbər Lenti