Türkiyəli nazir: "TDT çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığı dərinləşdirmək önəmlidir"
- 24 oktyabr, 2025
- 12:52
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir.
"Report" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib.
"Ölkələrimiz arasında ortaq infrastruktur yaradılması, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellekt tətbiqlərində etik çərçivələrin müəyyən edilməsi prioritet gündəliyimiz olmalıdır. Bu sahələrdə tədqiqat mərkəzlərimiz və texnologiya tərəfdaşlarımız arasında qurulacaq ortaq platformalar informasiya və veb paylaşımı asanlaşdıracaq. Ortaq süni intellekt təhsil proqramları və rəqəmsal bacarıq seminarları ilə gənclərimizin bu dəyişiklikdə fəal iştirakını təşviq edə bilərik. Digər tərəfdən, "yaşıl" və dayanıqlı sənayeyə yönəlmiş siyasətlərimizin uyğunlaşdırılması iqtisadi davamlılığımızı artıracaq. Aşağı karbonlu istehsal texnologiyaları, enerji səmərəliliyi və ekoloji dostu sənaye prosesləri sahəsində əməkdaşlığımızı genişləndirərək sənayemizin qlobal rəqabət qabiliyyətini qorumaq vacibdir. Bu istiqamətdə, təşkilatlanmış sənaye zonalarımızda "yaşıl enerji" istifadəsi, tullantıların idarə olunması və dövri iqtisadiyyat tətbiqlərinin yayılması üzrə ortaq layihələr həyata keçirmək böyük əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, ölkələr arasında "yaşıl" transformasiya yatırımlarına yönəlik maliyyə və texniki dəstək mexanizmləri yaradılması dayanıqlı inkişaf hədəflərinə konkret töhfə verəcək: "Digər strateji sahə isə kosmos texnologiyaları və qabaqcıl mühəndislikdir. Ortak peyk layihələri, müşahidə sistemləri və təhsil proqramları vasitəsilə kosmos sahəsində birgə irəliləyiş əldə etməliyik. Bu sahələrdə həyata keçiriləcək ortaq peyk inkişafı və kosmik müşahidə layihələri regional səlahiyyətimizi artıracaq".