Türkiyə şirkəti: “SOCAR rəqəmsal transformasiya ilə bağlı ciddi irəliləyişlər əldə edir”
- 17 oktyabr, 2024
- 09:07
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsal transformasiya ilə bağlı ciddi irəliləyişlər əldə edir.
Bunu “Report”a açıqlamasında Türkiyənin informasiya texnologiyaları sahəsində proqram həlləri təqdim edən “Bimser” şirkətinin qlobal satış direktoru Umut Güney deyib.
O bildirib ki, Türkiyə şirkəti artıq 2 ildir “SOCAR Downstream Management" MMC-yə öz proqram həllərini təqdim edir: “Təxminən 2200 nəfər SOCAR-da məhsullarımızdan aktiv istifadə edir. Bu platforma üzərindən 120-dən çox əməliyyat həyata keçirilib. Ümumilikdə SOCAR-da texnologiya infrastrukturunun yenilənməsi ilə bağlı işlər həyata keçirilir. Bundan əlavə, SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim”lə də təxminən 15 ildir əməkdaşlıq edirik”.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.