Telekommunikasiya şirkəti: Həm təbii inhisarçıların, həm də özəl müəssisələrin olması çəkişmə yaradır
- 03 oktyabr, 2025
- 14:58

Azərbaycanda telekommunikasiya sahəsində həm təbii inhisar subyektlərinin, həm də özəl müəssisələrin olması bəzi hallarda çəkişmələrə gətirib çıxardır.
"Report" xəbər verir ki, bunu "Azerconnect Group" MMC-nin baş direktorunun müşaviri Nicat İsmayılov Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində "Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar" mövzusunda panel müzakirəsində bildirib.
O qeyd edib ki, telekommunikasiya yeganə tənzimlənən sahədir ki, orada həm təbii inhisar subyektləri, həm də özəl müəssisələr fəaliyyət göstərir: "Biz müxtəlif spektrlərdə dövlətə məxsus olan resurslardan istifadə etməli oluruq. Bura dövlətin məhdud və qeyri-maddi resursları daxildir. Məsələn tezlik, nömrə resursları. Eyni zamanda maddi resurslar, o cümlədən dövlətə məxsus infrastruktur, enerji təsərrüfatı da var. Yəni, bunların hər ikisi eyni anda olmalıdır, belə deyək də, fəaliyyət göstərmək üçün ayrı halda mövcud ola bilməz. Bu isə nəticə etibarı ilə dövlətdən asılılıq yaradır".
Şirkət rəsmisinin sözlərinə görə, telekommunikasiya sektorunda texnoloji baxımdan stabillik azdır: " Deyək ki, xərc əsaslı əmsalların sayı çoxdur, böyük investisiyalar tələb edilir. Telekommunikasiyanı təbii inhisar subyektindən kənar qoysaq onu xarakterizə edən əsas amil odur ki, sarsıdıcı, dağıdıcı yanaşmalar olur. Hər hansı ixtira bütün şəbəkə texnologiyasını dəyişir. Bu, bəzi hallarda inqilabi olsa da bizim üçün dağıdıcıdır".