Stiven Bay: "Süni intellekt şəbəkələr üzərindəki təzyiqi artıracaq"
- 27 yanvar, 2026
- 10:26
Süni intellekt (AI) şəbəkələr üzərindəki təzyiqi artıracaq və bununla gələcəkdə AI-ın istifadəsi üçün şəbəkələrdən daha yüksək məhsuldarlıq tələb olunacaq.
"Report" xəbər verir ki, bunu "Ookla" şirkətinin prezidenti və baş icraçı direktoru Stiven Bay (Stephen Bye) "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə deyib.
O bildirib ki, qonaqpərvərlik sahəsinə və gələcəkdə AI ilə bağlı hansı proseslərin baş verəcəyinə gəlincə, hər yerdə və hər zaman etibarlı, dayanıqlı əlaqə olmalıdır: "Düşünürəm ki, bu, gələcəklə bağlı doğrudan da həyəcanlandırıcı olan məsələdir. AI-ya və bugünkü müzakirələrə baxdığınızda, həyatımızın AI tərəfindən təsirlənməyəcək heç bir hissəsi yoxdur. O, etdiyimiz hər şeyə, kontent baxımından qarşılıqlı əlaqədə olduğumuz hər şeyə təsir edəcək. O, necə öyrəndiyimizə, necə ünsiyyət qurduğumuza və necə sosiallaşdığımıza təsir edəcək. AI haqqında maraqlı olan şey odur ki, bu imkanın potensialını açmaq üçün sizə etibarlı, sabit əlaqə lazımdır".
Əlaqənin gələcəyi haqqında danışan baş icraçı direktor şəbəkələrin keyfiyyətini yaxşılaşdırmaq üçün etdikləri işin təməli olduğunu diqqətə çatdırıb: "Biz bu şəbəkələrin məhsuldarlığını ölçür, onu artırır və həmçinin müştərilərimizə bu gün malik olduğumuz alətlər və həllər vasitəsilə bu şəbəkələrin keyfiyyətini yaxşılaşdırmağa kömək edirik. Dünya daha əlaqəli olduqca, daha çox cihaz meydana gəldikcə və bu şəbəkələr üzərində ötürülən məlumatların həcmi artdıqca, onlar həmçinin daha mürəkkəb və idarə edilməsi daha çətin olur. Əlaqə, bu gün nə qədər vacib olsa da, gələcəkdə yalnız öz aktuallığını və əhəmiyyətini artıracaq. Data mərkəzlərində tətbiq olunan texnologiyalara baxdığınızda, istər mərkəzləşdirilmiş, istərsə də paylanmış olsun, əlaqə olmadan və bu kontentə giriş üçün mobil cihaz olmadan AI-ya sahib ola bilməzsiniz, bu texnologiyanın potensialını aça bilməzsiniz".