Samir Orucov: "Azərbaycanda sabit genişzolaqlı internet mobil interneti ötüb"
- 27 yanvar, 2026
- 11:15
"Onlayn Azərbaycan" layihəsi həyata keçirilməsəydi, sabit genişzolaqlı internetin sürəti 2021-ci ilə qədər formalaşmış tendensiyalar əsasında təxminən saniyədə 33 meqabit səviyyəsində qalardı.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin statistika şöbəsinin müdiri Samir Orucov "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, beş il əvvəl ölkədə internet infrastrukturu son dərəcə zəif idi: "Biz cəmi 9 % fiber-optik əhatə ilə başlamışdıq və yalnız 227 min obyektin fiber-optik şəbəkəyə çıxışı var idi. ADSL texnologiyası üstünlük təşkil edirdi. İnternet provayderləri bazarı isə vahid yanaşma olmadan 150-dən çox provayderdən ibarət idi. Baza yükləmə sürəti saniyədə 10 meqabit, ötürmə (upload) sürəti isə 2020-ci ildə cəmi 1,1 meqabit təşkil edirdi. Daha da önəmlisi, kənd və şəhər əraziləri arasında 30 faiz bəndi həcmində ciddi rəqəmsal uçurum mövcud idi".
S. Orucov qeyd edib ki, hazırda faktiki sabit genişzolaqlı internet sürəti saniyədə 91 meqabitə çatıb: "Bu, layihə hesabına əldə olunan təxminən 60 meqabitlik sürət fərqidir. Eyni zamanda, 2024-cü ilin avqustundan etibarən sabit genişzolaqlı internet sürəti mobil genişzolaqlı interneti ötüb və bu tendensiya davam etməkdədir".