Rabitə naziri: "Azərbaycan və Malayziya ASEAN və MDB arasında rəqəmsal qapı rolunu oynaya bilər" - MÜSAHİBƏ

İKT
  • 20 noyabr, 2025
  • 17:11
Rabitə naziri: Azərbaycan və Malayziya ASEAN və MDB arasında rəqəmsal qapı rolunu oynaya bilər - MÜSAHİBƏ

Azərbaycan və Malayziya arasında uzun illərdir mövcud olan möhkəm dostluq münasibətləri rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və infrastruktur layihələri sahəsində əməkdaşlığa artan maraq sayəsində tədricən yeni səviyyəyə yüksəlir. Malayziyanın 5G-nin sürətli tətbiqi, təhlükəsiz və əlçatan internetin inkişafı, eləcə də rəqəmsal iqtisadiyyatın gücləndirilməsi sahəsindəki təcrübəsi onu rəqəmsal transformasiya yolunda Azərbaycanın vacib tərəfdaşına çevirir.

Bu mövzular Bakıda keçirilən və dövlətlər arasında geniş dialoq platformasına çevrilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) fonunda xüsusi aktuallıq qazanıb. Konfrans çərçivəsində Malayziyanın rabitə naziri Ahmad Fahmi bin Mohamed Fadzil "Report"a müsahibəsində ikitərəfli əməkdaşlığın perspektivləri, Malayziyanın rəqəmsal inkişaf təcrübəsi və iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində gözlənilən addımlar haqqında danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Bakıya səfərinizin əsas məqsədləri nələrdir?

- Biz Bakıya Ümumdünya Telekommunikasiyanın İnkişaf Konfransında iştirak etmək və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Şurasına yenidən seçilmək üçün namizədliyimizi təqdim etmək məqsədilə gəlmişik.

Malayziya Şurada bir dövrü başa vurub və bu iştirak sayəsində qiymətli təcrübə qazanıb. Biz kənd yerlərində və ucqar ərazilərdə bağlantının genişləndirilməsində əldə etdiyimiz nəticələri və bu bağlantının əhəmiyyətini necə artırdığımızı, genişzolaqlı internet əhatə dairəsini, yüksək sürətini, tariflərin əlçatanlığını və təhlükəsizliyini necə təmin etdiyimizi nümayiş etdirmək istəyirik.

Malayziya Şurada bir müddəti başa vurub və bu iştirak sayəsində əhəmiyyətli təcrübə qazanıb. Kənd və ucqar ərazilərdə bağlantının genişləndirilməsində əldə etdiyimiz nəticələri və bu bağlantının dəyərini necə artırdığımızı - təkcə geniş əhatə dairəsi, yüksək sürət və əlverişliliyi deyil, həm də təhlükəsizliyi təmin etdiyimizi nümayiş etdirmək istəyirik.

- Siz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdünüz. Hansı nəticələri qeyd edə bilərsiniz? İlkin razılaşmalar əldə edilibmi?

- Biz Malayziyanın 5G tətbiqi ilə bağlı təcrübəsi haqqında ətraflı danışdıq. 2023-ci ilin fevralında 26 % olan əhatə dairəsini həmin ilin dekabrına qədər 80 %-ə çatdırmaq üçün cəmi 10 aya yaxın vaxt lazım oldu. Hazırda artıq ikinci şəbəkəmiz fəaliyyət göstərir və dörd ay ərzində onun əhatə dairəsi təxminən 60 %-ə çatıb.

Biz 4G-dən 5G-yə keçən istifadəçilərin əlavə ödəniş etməməsinə nail olduq. Bu gün Malayziya Asiya-Sakit okean regionunda internetin sürətinə görə Cənubi Koreyadan sonra ikinci yerdədir və hər giqabayt üçün təxminən iki sentlə internetin ucuz olduğu 10 ölkə sırasındadır. Bu, dövlət, tənzimləyicilər, mobil operatorlar və əlbəttə ki, əhali arasında sıx qarşılıqlı əlaqənin nəticəsidir. 35 milyon əhalisi olan ölkədə 46 milyon SIM-kart aktivdir ki, bu da rəqəmsal cəlbolunmanın yüksək səviyyəsini nümayiş etdirir. Malayziyada ÜDM-in 25 %-dən çoxu rəqəmsal iqtisadiyyatın payına düşür, buna görə də keyfiyyətli və təhlükəsiz bağlantı bizim inkişafımızın açarıdır.

Biz əməkdaşlıq perspektivlərini müzakirə etdik və nazirliklər arasında anlaşma memorandumunun imzalanmasını gözləyirik - yalnız formal prosedurlar qalıb. Bundan başqa, bir-birimizin təcrübəsini öyrənmək üçün əməkdaşların mübadiləsi imkanları nəzərdən keçirilir. Memorandum Malayziyanın Baş naziri Anvar İbrahimin Bakıya səfəri zamanı imzalana bilər. Mənə gələn il burada İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrinin görüşünün keçiriləcəyi barədə məlumat verilib – bu, əlverişli fürsətdir.

- Malayziya ilə Azərbaycan arasında rabitə və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Əməkdaşlıq yaxşı səviyyədədir və əhəmiyyətli potensial da var. 5G-nin tətbiqi sahəsində böyük təcrübəyə malikik və Azərbaycan bizim uğurlarımızın və səhvlərimizin təhlilindən faydalana bilər. Kibertəhlükəsizlik, dələduzluqla mübarizə, rəqəmsal iqtisadiyyatın inkişafı kimi istiqamətlərdə də geniş imkanlar açılır.

Mənə həmçinin xatırladıblar ki, uzun illər əvvəl nazir Rəşad Nəbiyev ASESAT peykinin buraxılmasında iştirak edib və həmin dövrdə bizim "Miyasat" peyk şirkəti ilə sıx əməkdaşlıq var idi. Bu əlaqələri ilk növbədə, rəqəmsal infrastruktur və rəqəmsal iqtisadiyyat sahəsində xeyli genişləndirmək mümkündür.

- Ölkələrimiz arasında tərəfdaşlığın hansı istiqamətləri daha perspektivlidir: kibertəhlükəsizlik, telekommunikasiya, elektron hökumət yoxsa təcrübə mübadiləsi?

- Demək olar ki, sadalanan bütün sahələrdə imkanlar mövcuddur. Bakıya səfərim zamanı şəhərinizə böyük maraq göstərən çoxlu malayziyalı ilə qarşılaşdım. Düşünürəm ki, növbəti illərdə belə turistlərin sayı artacaq.

Həmçinin çoxlu sayda azərbaycanlı tələbə Malayziyada təhsil almağa gedir - bu da əməkdaşlığın vacib istiqamətidir. Bir çox istiqamətləri kifayət qədər sürətlə inkişaf etdirmək olar və mən azərbaycanlı həmkarımla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyirəm.

- Malayziya Azərbaycanla rəqəmsal infrastruktur və innovasiyalar sahəsində birgə layihələri nəzərdən keçirə bilərmi?

- Bəli, bu tamamilə mümkündür. Lakin əvvəlcə Anlaşma Memorandumu imzalamalıyıq, bu, rəsmi qaydada müzakirələri dərinləşdirməyə və əməli fəaliyyətə keçməyə imkan verəcək. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.

- İki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsinin işçi qruplar, təlim proqramları və ya akademik layihələr vasitəsilə genişləndirilməsi planlaşdırılırmı?

- Əlbəttə, tənzimləyici orqan nəzdində təlim mərkəzimiz və akademiyamız var. Bundan əlavə, ASEAN çərçivəsində 5G üzrə ekspert mərkəzi yaratmışıq. Bu, artıq işçi səviyyədə əməkdaşlığa başlaya biləcəyimiz hazır baza və ilk addımlar üçün ideal platformadır.

- Malayziyanın İKT şirkətləri Azərbaycan bazarındakı layihələrdə iştiraka ümid edə bilərmi? Bu, hansı şərtlər sayəsində mümkün ola bilər?

- Malayziya şirkətlərinin artıq Azərbaycanda fəaliyyət təcrübəsi var. Neft və qaz strukturlarımız pandemiyadan əvvəl burada fəaliyyət göstərsə də, sonradan bu fəaliyyəti azaltmağa məcbur oldu. Hesab edirəm ki, indi potensial böyükdür - xüsusilə İKT və rəqəmsal xidmətlər sahəsində. Əməkdaşlığı gücləndirə bilsək, Malayziya şirkətlərinin Azərbaycan bazarına daxil olması tamamilə mümkün olacaq. Ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq münasibətləri var və bu əlaqələri, o cümlədən rəqəmsal iqtisadiyyat sahəsində ticarət əməkdaşlığını genişləndirmək mümkündür.

- Malayziya və Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın birlikdə inkişaf etdirilməsi və Cənub-Şərqi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsi üçün hansı addımlar atılmalıdır?

- Azərbaycan MDB məkanına, Malayziya isə ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) regionuna açılan qapıdır. Bu, daha sıx qarşılıqlı əlaqə üçün unikal təməl yaradır. Bizim bir-birimizdən öyrənmək və birgə layihələri inkişaf etdirmək üçün bir çox imkanlarımız var.

Həm Malayziya, həm də Azərbaycan milli səviyyədə işləməyə davam etməlidir, lakin indi iki qardaş ölkə arasında əlaqələri gücləndirmək üçün ən uyğun zamandır.

Son xəbərlər

Bütün Xəbər Lenti