Qazaxıstan Azərbaycana Xəzərin dibi ilə internetin çəkilməsinin vaxtını açıqlayıb
- 04 may, 2022
- 07:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsi yekunlaşmaq üzrədir.
“Report”un Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin rəqəmsal inkişaf naziri Baqdat Musin bildirib.
Onun sözlərinə görə, bu layihənin 1,5-2 il müddətində reallaşdırılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi "AzerTelecom" şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsini həyata keçirir. Bu məqsədlə Azərbaycan tərəfdən "AzerTelecom" şirkəti və Qazaxıstan tərəfdən "Transtelekom" və "KazTransCom" şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.
Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında dövlətlərarası Saziş imzalanıb.
Layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan “McKinsey and Company”, “Detecon”, “Axiom”, “DLA Piper”, “Huawei”, PwC kimi şirkətlər də cəlb olunub.Transxəzər fiber-optik magistralının ümumilikdə regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaq.
Bu layihənin icrası həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcək. Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsi ölkəmizin telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, internetin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və Rəqəmsal Mərkəz olması deməkdir. Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturu şəbəkəsində mərkəzi mövqe əldə etməsidir.
Azərbaycanın “Digital Hub”a çevrilməsi ilə perspektivdə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı şəhəri də əlavə olunacaq. Layihə dünya miqyaslı qlobal rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kiber-təhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1,8 milyard əhalinin (dünya əhalisninin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ixrac edilməsinə öz töhfəsini verəcək.