Qarabağda işləyəcək xarici şirkətlər yerli dronlardan istifadə etmək istəyirlər
- 23 may, 2022
- 12:11

Azad edilmiş ərazilərdə işləyəcək xarici şirkətlər yerli istehsalı olan dronlardan istifadə etmək istəyir.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Elm və Texnologiya Parkı" MMC-nin direktoru Zahir Nəsibov deyib.
Onun sözlərinə görə, Azərbaycanda xəritəçəkmə ilə işləmək istəyən xarici şirkətlər bizim müəssisənin istehsal etdiyi dronlardan istifadə etmək istəyirlər: “Onlara dronı Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə meşə örtüyünün öyrənilməsində və qiymətləndirilməsində, həmin ərazilərin xəritəsinin hazırlanmasında istifadə etmək istəyirlər. 18-20 may tarixlərində Bakıda keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” sərgiləri çərçivəsində həmin xarici şirkətlərlə əlaqə yaratdıq. Ümid edirik ki, əməkdaşlığımız alınacaq”.
Z.Nəsibov əlavə edib ki, sözügedən sərgilər çərçivəsində istehsal etdiyimiz dronu nümayiş etdirdik: “Sərgidə iştirak edən Rusiya şirkətlərindən biri marağını ifadə edib. Həmin şirkət bizimlə əlaqə yaratmaq istəyir”.
O deyib ki, "Elm və Texnologiya Parkı" MMC AMEA Rəyasət Heyətinin 7 sentyabr 2016-cı il tarixli qərarı ilə yaradılıb. Müəssisənin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi ilə elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onun nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqindən ibarətdir: “Müəssisə bir neçə profil üzrə elektron texnologiyalar və dronlar hazırlayır. Dron texnologiyaları üzrə ölkədə fəaliyyət göstərən mütəxəssislərdən bir çoxu bizim müəssisədən çıxıb. Müəssisədə bir neçə tip dronlar "plane" və "kopter" tipli dronlar istehsal edilib”.
Z.Nəsibov deyib ki, "plane" tipli dronlar uzun məsafəni qət etmək üçün nəzərdə tutulub: “Bu sahə bir qədər də geniş vüsət almayıb, hazırladığımız modellərin həcmi bir qədər böyük idi, ancaq üzərində dəyişiklik aparılır. Ən vacib məqam dronun stabilizasiya sisteminin işlənilməsi. Bu, əlaqə kəsildikdə dronun öz missiyasını yerinə yetirilməsinə kömək edir. Bu proqram təminatının hazırlanması üçün AMEA-nın İnformasiya və Texnologiyalar İnstitutu ilə birgə işləyirik”.
O deyib ki, bu dronlar daha çox müşahidə məqsədi ilə hazırlanıb: “Başqa tipli dronlar da hazırlayırıq. Məsələn, aqrar sahəsə istifadə edilən çiləyici dronları qeyd etmək olar. Bu ancaq xüsusi sifariş əsasında hazırlana bilər. Azərbaycan bazarında alıcıların olmaması səbəbindən indiyədək bu dronlar hazırlanmayıb. Daxili bazarda alıcı tamamilə yoxdur. Çünki dron almaq istəyən müəssisə, şəxs müraciət edəndə beş dövlət qurumun rəyini almalıdır. Beş qurumun müsbət rəyini almaq isə çox çətindir. Bu şərtlərə cavab verən müəssisələr, şəxslər demək olar ki, yoxdur. Azərbaycanda sadəcə bir təşkilata dron satmışıq. Bizim xaricə dron satmağa icazəmiz də var”.
Z.Nəsibov deyib ki, ümumiyyətlə qanunvericilik dronların satışını qadağan etmir: “Sadəcə olaraq, xüsusi icazə alınmalıdır. Bu tələblərə cavab verən alıcı isə azdır. Dövlət təşkilatları ilə isə yeganə problem odur ki, onlar tez bir zamanda, bir- iki ay ərzində dronları əldə etmək istəyirlər. Lakin onların istədikləri müddətə dron istehsal etmək mümkün deyil. Bu baxımdan da dövlət təşkilatları ilə işləməkdə müəyyən çətinlik var”.