Nazir müavini: "Dünya iqtisadiyyatında rəqabətin forması dəyişir"
- 17 iyun, 2026
- 14:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün dünya iqtisadiyyatında rəqabətin forması dəyişir.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "Kraudfandinq haqqında", eləcə də bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Əgər əvvəllər ölkələr əsasən təbii sərvətlər və sənaye istehsalı üzərində rəqabət aparırdılarsa, bu gün rəqabətin mərkəzində texnologiya, innovasiya və insan kapitalı dayanır. Süni intellekt, məlumat mərkəzləri, rəqəmsal platformalar və yüksək texnologiyalar artıq sadəcə iqtisadiyyatın bir sahəsi deyil. Onlar iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriliblər. Bu kontekstdə Azərbaycanın qarşısına qoyduğu strateji məqsədlərdən biri də regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevrilməkdir. Son illər ərzində bu istiqamətdə mühüm nəticələr əldə olunub - Rəqəmsal infrastruktur genişləndirilib, internet əlçatanlığı artırılıb, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atılıb, yeni məlumat mərkəzlərinin yaradılmasına başlanılıb", - deyə o qeyd edib.
Bununla belə, nazir müavini deyib ki, güclü rəqəmsal infrastruktur vacib olsa da, təkbaşına kifayət deyil: "Əgər biz həqiqətən regional rəqəmsal mərkəz olmaq istəyiriksə, texnologiya şirkətləri, investorlar və yüksəkixtisaslı mütəxəssisləri Azərbaycana cəlb etmək üçün institutsional mühiti də daim inkişaf etdirməliyik. Bu gün Azərbaycanda texnologiya şirkəti yaratmaq, investisiya yatırmaq və ya yüksək ixtisaslı mütəxəssis işə götürmək baxımından xüsusi üstünlük yaradan hüquqi və iqtisadi mexanizmlər kifayət qədər deyil. Məhz buna görə bu gün təqdim olunan qanunvericilik paketi rəqəmsal transformasiyaya yalnız texniki modernləşmə deyil, innovasiya əsaslı iqtisadiyyata keçidin hüquqi, iqtisadi və institusional əsaslarını formalaşdırmağa xidmət edən sistemli islahatdır".
"Müzakirəyə təqdim olunan layihələrin əsas məqsədi innovasiya əsaslı iqtisadiyyata keçidin hüquqi, iqtisadi və institusional əsaslarını formalaşdırmaqdır. Azərbaycan innovasiya sahəsində qat-qat artığına layiqdir və bacarar. Hazırkı qanunvericilikdə startaplar üçün əsas maliyyələşmə alətləri qrantlar və bank kreditləridir. Lakin bunların heç biri startaplar üçün dayanıqlı və davamlı maliyyə mənbəyi hesab edilmir. Hesab edirik, əsas funksiyalarımızdan biri ölkədə elə mühitin yaradılmasıdır ki, investorlar və yüksək ixtisaslı kadrlar Azərbaycanı özləri üçün hədəf ölkə kimi seçsinlər. Qlobal bazarda artıq ölkələr yalnız öz resurslarını qorumaq üçün deyil, eyni zamanda kapital və istedad uğrunda rəqabət aparırlar.
Azərbaycanda vergi, miqrasiya və dövlət satınalınma qaydalarına görə, texnologiya şirkətləri üçün burada fəaliyyət qurmaq, investisiya yatırmaq və mütəxəssis işə götürmək üçün maraqlı deyil. Yəni, bugünkü şərtlərimizlə hansısa xarici ölkə ilə müqayisədə "Azərbaycanı niyə seçməliyəm?" sualına cavabda cəlbedici faktorlar yoxdur. Qlobal miqyasda istedad və kapital üçün rəqabət apardığımız bir şəraitdə təklif edilən qanunvericilik paketi Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərən şəxslər üçün uzunmüddətli vergi və gömrük təşviqləri nəzərdə tutulur", - deyə o əlavə edib.