Nazir müavini: "Azərbaycan biometrik rəqəmsal imza tətbiq edən azsaylı ölkələrdən biridir"

İKT
  • 20 fevral, 2026
  • 12:24
Nazir müavini: Azərbaycan biometrik rəqəmsal imza tətbiq edən azsaylı ölkələrdən biridir

Azərbaycan biometrik rəqəmsal imzanı vətəndaşların və biznesin xidmətinə təqdim edən 30 dövlətdən biridir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov "Azərbaycan Hakimlərinin II Forumu"nda deyib.

Onun sözlərinə görə, hazırda bir çox əməliyyatlar, o cümlədən bank hesablarının açılması, əmək müqavilələrinin imzalanması "SİMA" rəqəmsal imza üzərindən həyata keçirilir: "Məlumat üçün bir məqamı da deyə bilərəm ki, hazırda dünyada cəmi 30-a yaxın ölkə var ki, biometrik rəqəmsal imzanı vətəndaşların və biznesin xidmətinə təqdim edib. Bu gün həm də 270-dən çox dövlət və özəl qurumu mərkəzi infrastruktur olan "Hökumət Buludu"nda öz informasiya ehtiyatlarını yerləşdirib. Bu həm təhlükəsizliyin təmini baxımından, həm də resurslara, dövlət resurslarına inzibati xərclərin qarşısını almağa kifayət qədər faydası olan bir yanaşmadır".

E.Məmmədov bildirib ki, hazırda dövlət tərəfindən innovasiya ekosistemi ilə bağlı tətbiq edilən güzəştlərdən yararlanan şirkətlərin dövriyyəsi 1 milyard manatı ötüb: "İnnovasiya ekosistemi ilə bağlı 2022-ci ilin sonlarından artıq bu sahədə dövlət tərəfindən güzəştlər müəyyənləşib. Azərbaycanın demək olar ki, hər bir guşəsində əyləşməklə bu güzəştlərdən istifadə etmək imkanı təsbit olunub. Bu imkanlar hesabına Azərbaycanda bilavasitə İT sahəsi ilə məşğul olan 165 şirkət rezident kimi qeydiyyata alınıb. Onların illik dövriyyəsi isə 1 milyard manatı keçib".

44 - Tezliklə