Mozambik Azərbaycanın rəqəmsal transformasiya nümunəsindən faydalanmağa çağırıb
- 24 noyabr, 2025
- 17:41
Mozambik Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır və eyni inkişaf mərhələsində olan bir çox ölkələri də Azərbaycanın nümunəsindən faydalanaraq daha irəli getməyə təşviq edir.
"Report" xəbər verir ki, bunu Mozambikin rabitə və rəqəmsal transformasiya naziri Ameriko Muçanqa Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, WTDC-25 problemsiz və mükəmməl şəkildə təşkil olunub: "İlk növbədə Azərbaycana təşəkkür etmək istəyirəm. Buraya gəldiyimiz gündən insanlar bizə çox mehriban yanaşıb və bizi səmimi şəkildə qarşılayıblar. Şəhər, mədəniyyət və insanların qonaqpərvərliyi bizi çox təsirləndirdi.
Bu, bizim üçün böyük təcrübə oldu. Konfransla bağlı isə hər bir detalın yüksək peşəkarlıqla təşkil olunduğunu görmək bizi heyran etdi. Bu, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və təşkilati işlərin nəticəsidir. Hazırda Azərbaycanda olan bütün ölkələrin nümayəndələrinin rahat çalışması və müzakirələr aparması üçün ideal şərait yaradılıb".