Moldova səfiri: "Azərbaycanla əməkdaşlıq kibertəhlükəsizliyi də əhatə edir"

İKT
  • 09 oktyabr, 2025
  • 12:50
Moldova səfiri: Azərbaycanla əməkdaşlıq kibertəhlükəsizliyi də əhatə edir

Moldova və Azərbaycan arasında əməkdaşlıq rəqəmsal transformasiya və kibertəhlükəsizlik də daxil olmaqla, daha çox istiqaməti əhatə edir.

"Report"un məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində keçirilən konfransda bildirib.

Onun fikrincə, bu, iki ölkə arasında yüksək etimad və qarşılıqlı marağı əks etdirir.

"Tərəfdaşlığımız rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahələrinə də yayılır. Ortaq təhdidlər və çağırışlarla üzləşdiyimiz üçün ən yaxşı cavab bunları birgə, təcrübə mübadiləsi vasitəsilə həll etməkdir", - diplomat bildirib.

O vurğulayıb ki, müasir dünyada kibərməkanda kritik infrastrukturun qorunması hər ölkənin milli təhlükəsizliyinin təməl daşına çevrilib.

"Müasir cəmiyyətlər rəqəmsal şəbəkələrdən və qarşılıqlı əlaqəli sistemlərdən asılıdır. Onların pozulması iqtisadiyyat, dövlət idarəçiliyi və vətəndaşların gündəlik həyatı üçün ciddi nəticələrə səbəb ola bilər. Buna görə də kritik infrastrukturun kiberhücumlara qarşı dayanıqlılığının gücləndirilməsi təkcə texniki zərurət deyil, həm də milli sabitliyi və suverenliyi təmin edən strateji imperativdir", - A.Esaulenko əlavə edib.

Səfir bildirib ki, bu forum Azərbaycanın təcrübəsi də daxil olmaqla, bilik və ən yaxşı təcrübələrin mübadiləsi üçün yeni imkanlar açır: "Belə tədbirlər hökumətləri, özəl sektoru və gənc mütəxəssisləri bir araya gətirərək etimadın formalaşmasına, səriştələrin artırılmasına və əməkdaşlığın gücləndirilməsinə töhfə verir".

Son xəbərlər

Bütün Xəbər Lenti