Mariyana Kuyundziç: "Aİ rəqəmsal uçurumu aradan qaldırmağa və təhlükəsiz infrastrukturu gücləndirməyə çalışır"
- 18 noyabr, 2025
- 17:43
Avropa İttifaqı (Aİ) rəqəmsal uçurumu aradan qaldırmağa, etibarlı və təhlükəsiz infrastrukturu təmin etməyə, eləcə də bütün regionlarda texnoloji potensialı üzə çıxarmağa çalışır.
"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) plenar iclasında bildirib.
"Bu gün işimiz daha da çətinləşir. Çoxtərəfli diplomatiya ciddi çağırışlarla üzləşir, rəqəmsal texnologiyalar isə geosiyasi təsir vasitəsi kimi istifadə edilə bilər. Qütbləşmiş və parçalanmış dünyada İKT və rəqəmsal transformasiyanın qaydalara və fundamental hüquqlara əsaslanan qlobal rəqəmsal nizamın bir hissəsi olaraq qalması üçün birgə fəaliyyətimiz həlledici əhəmiyyət kəsb edir", - səfir qeyd edib.
O vurğulayıb ki, Avropa İttifaqı üçün texnologiyalar heç vaxt son məqsəd olmayıb, onlar Aİ-nin beynəlxalq rəqəmsal strategiyasında əks olunduğu kimi, sosial birlik, iqtisadi inkişaf, insan hüquqlarının müdafiəsi və demokratik prinsiplərin gücləndirilməsi vasitəsidir.
"WTDC-25 rəqəmsal uçurumun aradan qaldırılması və İKT-nin iqtisadi və sosial inkişaf naminə istifadəsi yolunda səyləri birləşdirmək üçün bir fürsətdir. İKT milyonlarla insanın həyatını məhz bu cür dəyişdirə bilər", - Aİ səfiri əlavə edib.