Lume Polume: "Rəqəmsal tərəqqi ən uzaq icmaları əhatə etməlidir"
- 18 noyabr, 2025
- 16:36
Yalnız şəhərlərə fayda gətirən və kənd icmalarını əhatə etməyən texnoloji tərəqqi bərabərsizliyin yeni formasıdır.
"Report" xəbər verir ki, bunu Papua Yeni Qvineyanın milli informasiya və kommunikasiya texnologiyaları qurumunun icraçı direktoru Lume Polume Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib.
O bildirib ki, rəqəmsal sahə ən uzaq icmaları əhatə edən zaman tərəqqiyə çevrilir: "Rəqəmsal əlaqə sadəcə texnologiya deyil, o, insanlar, imkanlar və gələcək arasında əlaqədir. 54-cü Sakit Okean Adaları Liderləri Forumunda liderlərimiz Laqos Bəyannaməsinin dörd əsas prinsipini təsdiq etdilər. Bunlara iqlim dəyişikliyinə davamlılıq, rəqəmsal infrastruktur, inklüziv və əlçatan rəqəmsal transformasiya daxildir. Eyni zamanda, daha təhlükəsiz və etibarlı kibertəhlükəsizlik mühiti, həmçinin daha güclü regional əməkdaşlıq nəzərdə tutulur. Bu əsaslar regionumuzda çatışmayan həlqəni, davamlı rəqəmsal fərqi aradan qaldırmaq üçün Sakit Okean yolunu formalaşdırır".
Sonda L. Polume Sakit Okean prioritetlərinin qlobal səviyyədə tanınması üçün üzv ölkələrdən dəstək istəyib.