Layihə rəhbəri: "Vergi borcu və yaxud vergidən yayınmaya dair son qərarı insan verməlidir"

İKT
  • 01 oktyabr, 2026
  • 16:44
Layihə rəhbəri: Vergi borcu və yaxud vergidən yayınmaya dair son qərarı insan verməlidir

Vergi borcu və yaxud vergidən yayınma halı ilə bağlı süni intellektin verdiyi qərarın ən azından mübahisələndirilə bilən olması vacibdir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin layihə rəhbəri Tural Nağıyev Bakıda keçirilən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində təşkil olunmuş panel müzakirədə bildirib.

"Son qərarı insan verməlidir. Vətəndaş sorğulaya bilməlidir ki, nəyə görə mənim haqqımda bu qərar verilib. Ən azından bu şəkildə biz problemi həll etməyə çalışırıq. Süni intellektin tətbiq olunacağı ən uğurlu sahələrdən biri əmlak və vergi məsələləridir. Bunlar bir-birindən ayrı məsələlər olsa da, burada hüquqi aspektlər çox qabarıq şəkildə üzə çıxır. Çünki biz datamızı süni intellektlərə rahatlıqla verə bilmirik. Xüsusilə vergi məsələləri və yaxud əmlakın hüquqi sahibliyi ilə bağlı reyestr məlumatlarını hər hansı bir LLM-ə (böyük dil modelinə) ötürmək risklidir", - deyə T.Nağıyev qeyd edib.

Onun sözlərinə görə, əvvəldən də data analitika prosesləri olub və orada hətta qərarvermə mexanizmləri qurulub: "Bu çətinliyi aşmaq üçün müəyyən işlər görməyə, tutaq ki, lokal LLM-ləri "fine-tune" eləməyə çalışırıq. Bunu edərkən hamımızın bildiyi GPU problemi ortaya çıxır. Yəni biz bunu işlətməkdə, sözün əsl mənasında, çox çətinlik yaşayırıq. Suveren AI-lar gözəldir, amma onları öyrətmək lazımdır. Bizim çətinlik çəkdiyimiz əsas məsələ modelləri "train" eləmək üçün datamızı xarici AI-lara verə bilməməyimizdir. Burada universitetin sənayeyə faydası çox dəyə bilər. Sintetik dataların formalaşdırılması və o modellərin öyrədilməsində universitet-sənaye tərəfdaşlığında xeyli iş görülə bilər".