Kosmas Zavazava: "Bakı Bəyannaməsi qlobal rəqəmsal gündəliyi yeniləyəcək"
- 17 noyabr, 2025
- 12:49
Bakıda yeni və iddialı qlobal rəqəmsal inkişaf planının qəbul edilməsi və "Bakı Bəyannaməsi" adlandırılması planlaşdırılır.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lukison Zavazava Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) açılış mərasimində bildirib.
Onun sözlərinə görə, qarşıdakı günlərin vəzifəsi dünyadakı insanlara real fayda gətirəcək həllərin praktik və səmərəli olmasını təmin etməkdir: "Biz burada irsi davam etdirmək və qlobal rəqəmsal inkişafın yeni iddialı planını formalaşdırmaq üçün toplaşmışıq. Bakı Bəyannaməsi və UNECO planımız realist və inklüziv olmalıdır".
K.Zavazava bildirib ki, rəqəmsal fərq bu gün sadə bağlantı məsələsindən çoxqatlı bir problemə - əlçatanlıq, rəqəmsal bacarıqlar, aktuallıq və təhlükəsizlik məsələsinə çevrilib: "Biz Bakıda, sürətli qlobal dəyişikliklər dövründə görüşürük. Rəqəmsal inqilab artıq buradadır və həyatımızın, iqtisadiyyatın hər sahəsini dəyişdirir".