Kibertəhlükəsizlik sahəsində insan səhvlərinin qarşısının alınması üçün süni intellektdən istifadə təklif olunub

İKT
  • 09 sentyabr, 2026
  • 11:45
Kibertəhlükəsizlik sahəsində insan səhvlərinin qarşısının alınması üçün süni intellektdən istifadə təklif olunub

Kibertəhlükəsizlik sahəsində insan səhvlərinin qarşısının alınması üçün süni intellektdən istifadə təklif olunub.

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarov Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı və "NGO Tech Talks" ekspertlərin iştirakı ilə keçirilən təcrübə mübadiləsi sessiyasında çıxış edib.

O, 2024-2025-ci illər üzrə məlumat sızmaları ilə bağlı son statistikaları açıqlayıb:

"2024-cü ildə hər məlumat sızması nəticəsində orta maliyyə itkisi 4,88 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 10 faiz artım deməkdir və indiyədək qeydə alınan ən yüksək göstəricidir. Maliyyə sektorunda da məlumat sızmalarının ciddi iqtisadi nəticələrə səbəb olduğu qeyd edilib. Belə ki, qlobal miqyasda 10 trilyon ABŞ dolları itkinin müqabilində maliyyə sektoru üzrə 1 trilyon dollardan çox zərər baş verib".

İcraçı direktor bildirib ki, bulud platformalarında məlumat sızmalarının orta dəyəri 5,17 milyon ABŞ dolları olub:

"Bütün məlumat sızmalarının 74 faizi insan faktoru - səhvlər, sosial mühəndislik və daxili sui-istifadə halları ilə əlaqədardır. Bunun qarşısını almaq üçün təhlükəsizlikdə süni intellekt və avtomatlaşdırmadan istifadə etmək olar. İnsan səhvlərinin qarşısının alınması üçün işçi heyətinin maarifləndirilməsi və mütəmadi kibertəhlükəsizlik təlimlərinin keçirilməsi vacib hesab olunur Təhlükəsizlik sahəsində süni intellekt tətbiq edən təşkilatlar 2,22 milyon dollar qənaət edə bilərlər. Bundan başqa, istifadəçi və cihazların davamlı yoxlanılmasını, eləcə də icazələrin məhdudlaşdırılmasını nəzərdə tutan "Zero Trust" ("Sıfır etimad") modeli də tövsiyə olunur".

R.Cabbarov həmçinin zəifliklərin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsi üçün müntəzəm təhlükəsizlik auditi və risk qiymətləndirilməsinin vacibliyini vurğulayıb.