ITU Azərbaycanla texnologiya sahəsində əməkdaşlığı genişləndirmək istəyir
- 17 noyabr, 2025
- 17:01
Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycanla tərəfdaşlığın gücləndirilməsini və əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyir.
"Report"un məlumatına görə, bunu ITU-nun baş katibi Dorin Boqdan-Martin Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz çox maraqlı bir dövrdə yaşayırıq, xüsusilə də kosmik iqtisadiyyatdan danışsaq, bunun həcminin 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı proqnozlaşdırılır. Süni intellektə gəlincə, bazarın 2033-cü ilə qədər 4,8 trilyon dollara çatacağı gözlənilir. Bu, ITU-nun standartlar və potensialın inkişafı ilə məşğul olduğu daha bir sahədir. Bizim məqsədimiz hər kəsin sürətlə inkişaf edən yeni texnologiyalar dünyasından faydalana bilməsini təmin etməkdir. Biz xüsusi diqqəti inklüzivliyə yönəldirik. Bütün səslər və cəmiyyətlər eşidilməlidir ki, dünyanın istənilən nöqtəsində hər kəs bağlantının gətirdiyi üstünlüklərdən istifadə edə bilsin", - D.Boqdan-Martin vurğulayıb.