İsfandiyori Sadullo: "Süni intellekt güclərinin 90 %-nin 10 ölkədə cəmləşməsi rəqəmsal bərabərsizliyi gücləndirir"

İKT
  • 18 noyabr, 2025
  • 18:30
İsfandiyori Sadullo: Süni intellekt güclərinin 90 %-nin 10 ölkədə cəmləşməsi rəqəmsal bərabərsizliyi gücləndirir

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi məqsədilə Tacikistan üç əsas təşəbbüs təqdim edib.

"Report"un məlumatına görə, bu barədə Tacikistan hökuməti yanında Rabitə Xidmətinin rəhbəri İsfandiyori Sadullo Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) plenar iclasında çıxışı zamanı bildirib.

"Birinci təşəbbüs dənizə çıxışı olmayan ölkələrdə İKT infrastrukturunun və rəqəmsal bağlantının sürətli inkişaf imkanlarının nəzərdən keçirilməsidir. Məqsəd müasir texnologiyalara bərabər çıxışı təmin etmək və coğrafi məhdudiyyətləri aşmaqdır. Dənizə birbaşa çıxışın olmaması telekommunikasiya infrastrukturunun inkişafını mürəkkəbləşdirir və bununla bağlı xərcləri artırır", - İ.Sadullo qeyd edib.

O vurğulayıb ki, Tacikistan dayanıqlı infrastrukturun yaradılması, inklüziv sənayeləşmənin dəstəklənməsi və innovasiyaların təşviqi istiqamətində dayanıqlı inkişafın doqquzuncu məqsədinə nail olmaqda ITU-nun potensialını yüksək qiymətləndirir.

"İkinci təşəbbüs xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dayanıqlı inkişafın sürətləndirilməsi məqsədilə süni intellektin (AI) inkişafı ilə bağlıdır. Süni intellekt sahəsindəki qlobal hesablama gücləri və elmi potensialın təxminən 90 %-nin daha çox inkişaf etmiş 10 ölkədə cəmləşməsi bizi narahat edir. Bu cür konsentrasiya rəqəmsal bərabərsizliyin dərinləşməsi və bir çox regionun texnoloji cəhətdən geri qalması riskini yaradır", - qurum rəhbəri bildirib.

O xatırladıb ki, Tacikistan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının 78-ci sessiyasında "Mərkəzi Asiyada dayanıqlı inkişaf üçün yeni imkanların yaradılmasında süni intellektin rolu" adlı qətnamə yekdilliklə qəbul edilib və bu, AI texnologiyalarının ədalətli və inklüziv qlobal inkişafı istiqamətində atılan mühüm addım olub.

İ.Sadullo əlavə edib ki, Tacikistan bu sektoru fəal şəkildə inkişaf etdirir və ITU çərçivəsində süni intellektlə bağlı bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Üçüncü təşəbbüs sosial şəbəkələrdən istifadə zamanı vətəndaşların təhlükəsizliyinin artırılmasına yönəlmiş və beynəlxalq səviyyədə razılaşdırılmış yanaşmaların və standartların hazırlanmasıdır. Qlobal platformalar məlumat mübadiləsinin aparılmasında mühüm rol oynayır, lakin eyni zamanda zərərli məzmunun - dezinformasiya, ekstremist materialları, məxfilik təhdidlərinin yayılması kanallarına çevrilir. Bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Tacikistanda da sosial şəbəkələrdən milyonlarla insan istifadə edir ki, bu da ictimai rəyin manipulyasiyası, kritik infrastruktura kiberhücum risklərini artırır", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti