"Ironhack": Azərbaycanın rəqəmsal inkişafı insan kapitalına investisiyadan keçir
- 17 iyul, 2026
- 10:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı ilə yanaşı, insan kapitalına investisiya da rəqəmsal transformasiyanın əsas şərtidir.
"Report" xəbər verir ki, bunu "Ironhack" şirkətinin direktoru Qonzalo Manrique Sabatel Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq intensiv təhsil proqramı olan "IT SkillSprint" layihəsinin bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiyanın uğuru yalnız texnoloji infrastrukturun deyil, həm də ixtisaslı insan kapitalının inkişafından asılıdır:
"Ölkədə genişzolaqlı internetin əhatəsinin genişlənməsi, "mygov" platformasının 3 milyondan çox istifadəçiyə çatması və dövlət qurumları arasında məlumat mübadiləsinin 2025-ci ildə 2 milyard əməliyyatı ötməsi rəqəmsal inkişafın göstəriciləridir. Növbəti mərhələ isə bu infrastrukturu idarə edəcək və inkişaf etdirəcək peşəkar kadrların hazırlanmasıdır".
Q.Sabatel qeyd edib ki, "IT SkillSprint" proqramını 123 tələbədən 120-si uğurla başa vurub:
"20 həftə və 450 saat davam edən intensiv proqram üçün bu göstərici olduqca yüksək nəticə hesab olunur. Proqramı tamamlayan bütün aktiv iştirakçılar davamiyyət tələblərinə tam əməl edib və bütün layihələri uğurla təhvil veriblər. Proqramın əsas məqsədi tələbələrə yalnız texniki bilik vermək deyil, həm də problem həll etmə, komanda işi, müstəqil öyrənmə və dəyişən texnologiyalara uyğunlaşma bacarıqlarını inkişaf etdirməkdir".