İlqar Musayev: "Xüsusi rabitə və informasiya təhlükəsizliyi müdafiə sisteminin həlledici hissəsidir"
- 07 noyabr, 2025
- 18:33
44 günlük Vətən müharibəsi bir daha nümayiş etdirdi ki, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlətin müdafiə sisteminin ayrılmaz və həlledici hissəsidir.
"Report" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bunu Xidmətin rəisi general-leytenant İlqar Musayev qurumda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
İ. Musayev müasir müharibələrin təkcə döyüş meydanında aparılmadığını, informasiya axınlarının idarə edilməsinin, rabitə şəbəkələrinin dayanıqlılığının və kibermühitin qorunmasının da strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Xidmət rəisi çıxışı zamanı Zəfər Gününün Azərbaycan xalqının milli qürur tarixinin şanlı səhifəsi olduğunu vurğulayaraq, bu münasibətlə şəxsi heyəti təbrik edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əsasını təşkil edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Zəfər Gününə, o cümlədən Xidmətin 44 günlük Vətən Müharibəsində gördüyü işlərə həsr olunmuş videoçarxa baxılıb.
Tədbirdə həmçinin son beş il ərzində XRİTDX tərəfindən həyata keçirilmiş işlər və yeni təhlükəsizlik reallıqlarına uyğun qarşıda duran vəzifələr barədə məlumat verilib. Qeyd olunub ki, ölkənin strateji informasiya və rabitə təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət sistemli şəkildə davam etdirilir.
Sonda Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Xidmətin 8 zabitinə "Hərbi Xidmətlərə görə" medalları təqdim olunub.
Xatırladaq ki, Vətən müharibəsi başladığı ilk gündən – 27 sentyabr 2020-ci il tarixindən etibarən XRİTDX-in 10 əməkdaşı və podratçı şirkətlərin 40 əməkdaşı xüsusi nəqliyyat və texnika ilə cəbhə bölgələrinə ezam edilmiş, işğaldan azad olunan ərazilərdə fiber-optik rabitə xətlərinin çəkilişi və xüsusi rabitə avadanlıqlarının quraşdırılması operativ şəkildə həyata keçirilib.
Döyüşlərin ən gərgin mərhələlərində etibarlı xüsusi radiorabitəni təmin etmək üçün 29 ədəd "TETRA" baza stansiyası döyüş zonalarında istifadəyə verilmiş, bu stansiyaların mühüm hissəsi XRİTDX mütəxəssisləri tərəfindən xüsusi hərbi nəqliyyat vasitələri üzərində quraşdırılıb. Pandemiya ilə əlaqədar təchizat və logistika sahələrində çətinliklərinə baxmayaraq, Xidmət tərəfindən qısa müddətdə 500 ədəd yeni xüsusi şifrəli radiostansiya ölkənin güc strukturlarına təqdim edilib.
Həmçinin Müdafiə Nazirliyinin müraciətinə əsasən Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissələrinə "Bayraktar" və digər müasir tipli uçuş aparatlarının etibarlı və fasiləsiz idarə edilməsi üçün Xidmət tərəfindən qısa müddət ərzində fiber-optik kabellər çəkilmiş və həmin avadanlıqlar Müdafiə Nazirliyinin mövcud rabitə şəbəkəsinə inteqrasiya edilib. Cəbhə xətti boyunca düşmən tərəfindən zədələnmiş rabitə xətləri operativ şəkildə bərpa edilmiş, işğaldan azad olunan ərazilərə 20 km-dən artıq yeni fiber-optik kabel çəkilib.
Müharibə dövründə kibermühitdə yaranan təhdidlər Xidmət daxilində yaradılmış 24/7 rejimdə fəaliyyət göstərən xüsusi işçi qrup tərəfindən davamlı monitorinq edilib. Dövlət informasiya resurslarına 3 minə qədər kiberhücum cəhdi qeydə alınsa da, vaxtında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində onların qarşısı tam şəkildə alınıb.