"Femmes Digitales" rəsmisi: "Kibertəhlükəsizliklə bağlı problemləri yalnız dialoqla həll etmək olar"

İKT
  • 11 oktyabr, 2025
  • 12:39
Femmes Digitales rəsmisi: Kibertəhlükəsizliklə bağlı problemləri yalnız dialoqla həll etmək olar

Kibertəhlükəsizliklə bağlı bütün çağırışları və problemləri yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə həll etmək mümkündür.

"Report" xəbər verir ki, bunu "Femmes Digitales" şirkətinin sədri Jana Krımpe Bakıda keçirilən "Women in Cyber" - "Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, qadınlar həm ana, həm bacı kimi ölkənin müdafiəsində mühüm rol oynayırlar: "Siz övladlarınıza cihazlardan və sosial mediadan düzgün istifadə etməyi öyrədə bilərsiniz. Bu, cəmiyyətə doğru mesajları ötürmək üçün çox vacibdir. Siz bu sahədə nümunə göstərən, dəyişiklik yaradan liderlərsiniz. Əlbəttə, biz kibertəhlükəsizlikdə daha çox peşəkar qadın görmək istəyirik. Dünən keçirilən "Cyber Incident Defence Challenge" (CIDC 2025) konfransında çox maraqlı panelimiz oldu, lakin etiraf etməliyəm ki, səhnədə demək olar ki, yalnız kişilər var idi. Gəlin növbəti dəfə daha müxtəlif və gender baxımından daha balanslı panel təşkil edək. Biz istəyirik ki, bu sahədə qadın mütəxəssislərin sayı artsın".

O əlavə edib ki, məhz bu məqsədlə tədbirə müxtəlif ölkələrdən - Estoniyadan, Moldovadan, Ukraynadan, Birləşmiş Ərəb Əmirliklərindən, Gürcüstandan və digər ölkələrdən çoxsaylı, peşəkar iştirakçılar dəvət olunub: "Əlaqə qurun, söhbətləşin, təcrübə mübadiləsi edin. Çünki kibertəhlükəsizlikdə ən vacib amil insanlardır. Problemləri insanlar yaradır, lakin onları yenə də insanlar həll edir".

Son xəbərlər

Bütün Xəbər Lenti