DTX rəsmisi: Müasir dövrdə təhlükəsizlk və insan hüquqları arasında balansı qorumaq çətinləşib
- 10 oktyabr, 2025
- 15:59

Müasir dövrdə təhlükəsizlk və insan hüquqları arasında balansı qorumaq çətinləşib.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin nümayəndəsi Elvin Balacanov "CIDC 2025 – Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalında panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, təhlükəsizlik dövlətin, cəmiyyətin, həyatın və insanın özünün qorunması deməkdir, Amma bu qoruma insanın mahiyyətinə toxunmamalı, əksinə, onunla uzlaşmalıdır:
"Təhlükəsizliyi azadlığın rəqibi kimi deyil, əksinə, azadlığın mövcudluq şərti kimi qəbul etmək lazımdır. Çünki təhlükəsizliyin olmadığı yerdə azadlıq da davam edə bilməz. Amma unutmayaq ki, təhlükəsizliyin mərkəzində insan dayanır. Eyni zamanda, məlumatların da arxasında rəqəmlər yox, insanların taleyi durur. Ona görə də bu paneldə biz daha çox təhlükəsizliyin təmin olunması ilə insan hüquqlarının qorunması arasındakı balansdan danışacağıq".
E.Balacanov bəhs olunan balansı qorumağın müasir dövrün ən çətin, amma eyni zamanda ən vacib məsələlərindən biri olduğunu vurğulayıb:
"Ola bilsin, bu paneldə qoyulan suala qəti cavab tapa bilməyəcəyik. Çünki sual çətindir. Amma ümid edirəm ki, bu panel bizi düşünməyə, dəyərləri yenidən qiymətləndirməyə vadar edəcək. Hər halda, düşünmək, araşdırmaq azadlığın başlanğıcı, təhlükəsizliyə doğru atılan ilk addımdır".