Dövlət Xidməti rəsmisi: "Biometrik informasiyalara dair xüsusi tələblər olmalıdır"
- 10 oktyabr, 2025
- 15:58

Azərbaycanda biometrik informasiyaların toplanması və işlənməsinə dair xüsusi tələblər müəyyən edilməlidir.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Elgin Abdullayev Bakıda keçirilən "Kritik İnfrastrukturun Müdafiə Yarışı" (CIDC-2025) tədbiri çərçivəsində təşkil olunmuş konfransın ikinci günündə bildirib.
Onun sözlərinə görə, bu tələblər təkcə informasiyanın toplanmasına deyil, informasiyaların toplandığı sistemlərin mühafizəsinə dair prinsipləri də əhatə etməlidir: "Eyni zamanda burada könüllü razılıq məsələsi var, ona görə də şəxsin könüllü razılığını ifadə etmə proseduru təkmilləşdirilməlidir. Şəxs bilməlidir ki, bu informasiya hansı məqsədlə götürülür. Bu, balansın qoruması üçün vacibdir. Götürülən məlumatların onların istifadə təyinatına və hansı məqsədlə götürülməsinə uyğunluğunu təmin etməliyik".
Dövlət xidməti rəsmisi hesab edir ki, biometrik informasiyaların işlənməsi və biometrik nəzarətin həyata keçirilməsində biometrik texnologiyalardan istifadə edildiyindən hüququn digər sahələrində olduğu kimi bu sahədə də qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Bu sahə ictimai münasibətlərin inkişaf dinamikasından asılı olduğuna görə, qanunvericilik də biometrik texnologiyaların tətbiqindən yaranan risklərə uyğunlaşdırılmalıdır".