Dövlət Xidməti: 9 mindən çox saytda fasiləyə "Cloudflare" məsələsi kimi baxmaq yanlış olar
- 20 noyabr, 2025
- 11:19
Noyabrın 18-də 9 mindən çox yerli saytın fəaliyyətinin dayanmasına bir "Cloudflare" məsələsi kimi baxmaq yanlış olar.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik Günü"ndə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib.
"Böyük potensiala malik olan şirkətlərin qarşılarına qoyacaqları məqsədlərdən biri yerli məhsulların yaradılması ilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır. Bu, həm də ölkə Prezidentinin İnformasiya Təhlükəsizliyi ilə bağlı təsdiqlədiyi Strategiya ilə də qarşımıza qoyduğu əsas tapşırıqlardan biridir.
Yerli məhsulların yaradılmasının və rəqəmsal süverenliyin vacibliyini 2 gün öncəki insidentdən də hiss etdik. Bu, xüsusilə özəl sektorun xaricdən asılılığına bariz nümunə idi. Fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir. Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək bizim prioritet istiqamətlərimizdəndir", - deyə o qeyd edib.
T.Məmmədovun sözlərinə görə, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən "CloudFlare" kimi trafikin xaricə daşınması halı dayandırılıb və mühafizəsi "AzStateNet" üzərindən təmin edilib: "Ümumilikdə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Bizim həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobal internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam etdirəcək. Eyni zamanda bütün güc strukturlarını və kritik infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə ərazində fəaliyyət göstərməkdədir.
Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də "Whatsapp" kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük təsir göstərir".