Dövlət və özəl sektor üçün "Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

İKT
  • 13 aprel, 2026
  • 11:34
Dövlət və özəl sektor üçün Kiber İnsidentlərə Müdaxilə tədbiri keçirilib

Bu gün Bakıda "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi, "TechPro DC" və "Binalyze" şirkətlərinin birgə təşkilatçılığı ilə "Kiber İnsidentlərə Müdaxilə" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki , tədbirin əsas məqsədi dövlət və özəl sektorda çalışan mütəxəssislərin müasir dövrdə rəqəmsal kriminalistika və kiber insidentlərə müdaxilə mövzusunda maarifləndirilməsi olub.

Tədbirin açılış nitqi ilə çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov kiber insidentlərə operativ və effektiv müdaxilənin müasir dövrdə artan əhəmiyyətindən bəhs edib.

O, ölkəmizdə kibertəhlükəsizliyin rəqəmsal kriminalistika sahəsinin xüsusi diqqətə ehtiyac olduğunu vurğulayıb. Bu istiqamətdə mütəxəssis hazırlığının inkişaf etdirilməli olduğunu qeyd edib.

İcraçı direktorun sözlərinə görə müasir dövrdə kiber hadisələrin operativ təhlili bir sıra amillər səbəbindən çətinləşir: "Bulud və hibrid mühitlər, avtomatlaşdırma və süni intellekt kimi yeni trendlər kiber insidentlərə müdaxiləni çətinləşdirməklə yanaşı, bu hadisələrin təhlilində mütərəqqi texnologiyaların istifadəsini tələb edir. Bu səbəbdən adı çəkilən tədbiri təşkil etməklə Assosiasiya, tərəfdaşları ilə birlikdə rəqəmsal kriminalistika və insidentlərə cavab mövzusunda dövlət və özəl sektorlararası əməkdaşlığın vacibliyini vurğulayır və Binalyze kimi böyük təcrübəyə malik olan tərəfdaşların texnologiyalarını geniş auditoriyaya çatdırmağa çalışır".

Daha sonra çıxış edən "TechPro DC"nin kommersiya direktoru Mircəlal Bağırov, "Binalyze"in ölkə meneceri Hasan Hüseyn Özbenli və AKTA məşvərət şurasının üzvü Erdal Özkaya kiber insidentlərin aşkarlanması, təhlili və cavab tədbirləri ilə bağlı aktual yanaşmaları iştirakçılarla bölüşüblər.

Çıxışçılar real nümunələr əsasında hadisələrə müdaxilə prosesində ortaya çıxan çətinliklər və effektiv həll yolları barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində Binalyze tərəfindən "Binalyze AIR ilə Rəqəmsal Kriminalistika və İnsidentlərə Müdaxilə" mövzusunda praktiki seminar təşkil olunub. Burada iştirakçılara rəqəmsal kriminalistika alətləri və insidentlərə operativ müdaxilə mexanizmləri əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, AKTA üzvləri və ekspertləri, həmçinin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər. Görüş iştirakçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.