DGK: "Bir pəncərə" sistemi üzrə 154 texniki tapşırıq icra olunub
- 16 iyul, 2026
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bir pəncərə" informasiya sistemi layihəsinin birinci mərhələsi üzrə müəyyən edilmiş 154 funksional və texniki tapşırığın hər biri uğurla icra olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.
Onun sözlərinə görə, layihə üzrə işlərə 2024-cü il dekabrın 1-dən başlanılıb: "Layihənin icrası mərhələli yanaşma əsasında planlaşdırılıb və hər mərhələ üzrə konkret funksional hədəflər müəyyən edilib. Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin "Bir pəncərə" informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulan bütün funksional və texniki işlər tam həcmdə başa çatdırılıb. Bu mərhələdə API arxitekturası qurulub, təhlükəsizlik mexanizmləri yaradılıb, VPN bağlantıları təşkil edilib, mal nomenklaturası və digər təsnifat məlumatları üzrə servis interfeysləri hazırlanıb. Həmçinin elektron gömrük bəyannaməsinin formalaşdırılması, sənəd mübadiləsi, bildiriş mexanizmləri, autentifikasiya və digər zəruri funksiyalar yaradılıb".
N.Şirinov vurğulayıb ki, layihənin hazırlanması prosesində sistemin yalnız texniki baxımdan deyil, həm də istifadəçi yönümlü yanaşma əsasında formalaşdırılmasına xüsusi diqqət yetirilib: "Bu məqsədlə, 2026-cı ilin aprel-may aylarında Bakı Baş Gömrük İdarəsində "Bir pəncərə" layihə komandası, gömrük əməkdaşları və gömrük təmsilçilərinin iştirakı ilə sistemin funksional imkanlarına dair praktiki baxış keçirilib".
O bildirib ki, birinci mərhələnin mühüm nəticəsi olaraq, bu il mayın 4-də "Bir pəncərə" vasitəsilə təqdim edilmiş ilk ixrac gömrük bəyannaməsi uğurla qəbul olunub, avtomatlaşdırılmış emal prosesindən keçərək təsdiqlənib və malların buraxılışı həyata keçirilib: "Bu hadisə layihənin praktiki tətbiq mərhələsinə keçdiyini və sistemin real əməliyyat mühitində uğurla fəaliyyət göstərdiyini təsdiqləyib. Bununla yanaşı, sistemin tətbiqinin genişləndirilməsi və biznes subyektlərinin yeni platformadan səmərəli istifadəsinin təmin olunması məqsədilə maarifləndirmə tədbirləri də həyata keçirilib".