Deputat: "Kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir"
- 24 fevral, 2026
- 12:08
Azərbaycanda kibercinayətkarlıqla mübarizə normaları və sanksiyalar sərtləşdirilməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
Onun sözlərinə görə, son illər informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə süni intellektin yaranması ilə şəxsi məlumatların oğurlanması halları da artıb: "Bir çox hallarda həmin məlumatlardan istifadə etməklə insanlar şantaj olunur və bu ciddi mənəvi-psixoloji sarsıntılara yol açır. Mən özüm gənclikdə cəzaların sərtləşdirilməsinə qarşı olmuşam. Ancaq hansısa cinayətlərin sayında ciddi artım müşahidə olunursa, o zaman müvəqqəti olaraq cəzaların sərtləşdirilməsi zərurəti yaranır və bütün dünyada belə edirlər. Ona görə də cəzalara yenidən baxmalıyıq".