"CIDC-2025" kibertəhlükəsizlik festivalı başa çatıb
- 13 oktyabr, 2025
- 17:25

Oktyabın 9-10-da "Bakı Konqres Mərkəzi" MMC-də "CIDC 2025" ("Critical Infrastructure Defence Challenge") adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirilib.
"Report" xəbər verir ki, tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilib.
İkinci dəfə keçirilən "CIDC-2025" tədbirinə ümumilikdə 2 245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulub. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Kiberfestivalın açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik mütəxəssisləri, akademik dairələrin üzvləri və gənc mütəxəssislər iştirak etmişlər.
Açılış mərasimində XRİTDX rəisi İlqar Musayev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və tədbirin platin sponsorlarının nümayəndələri çıxış ediblər.
"CIDC-2025"in tərəfdaşları arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Daxili İşlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Şirkəti (SOCAR), RİNN yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, KOBİA), RİNN yanında Elektron Təhlükəsizlik Xidməti, İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi, "Femmes Digitales" və EGA (Estoniyanın Elektron Hökumət Akademiyası) da yer alıblar. 2 gün ərzində keçirilən təlimlərin təşkilində "Blackbox Security" şirkəti, fərdi yarışların təşkilində "PeakEye Group" şirkəti, "Ağıllı şəhərlərdə kibermüharibə" platformasının qurulmasında "Cyber Exer" şirkəti yaxından iştirak ediblər.
Festival çərçivəsində yerli və xarici ekspertlər 10 təqdimat, 5 panel müzakirəsi və Azərbaycanda ilk Kiberməktəbin "Hack The Future 2" proqramı üzrə 6 ödənişsiz təlim keçirib.
Tədbirin keçirildiyi "Bakı Konqres Mərkəzi"ndə müasir texnoloji avadanlıqlarla təchiz olunmuş geniş sərgi zonaları və 3 500 nəfərlik zallarla festival iştirakçılarına rahat və innovativ mühit yaradılıb. Burada təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim ediblər.
Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilib.
Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu dəfə "Ağıllı şəhərlərdə kibermüharibə" konsepti əsasında həyata keçirilib. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak edibr. Tədbirin sonunda "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının qaliblərinə sertifikatlar və 30 000 manat (birinci yer 15 000, ikinci yer 10 000, üçünсü yer 5000 azn) pul mükafatı təqdim edilib. Birinci yeri "AzInTelecom" MMC-nin – "RedBox" komandası, ikinci yeri "Azercell Telecom" MMC-nin "Cybercell" komandası və üçüncü yeri "Kapital Bank" ASC-nin – "Bir Sec" komandası tutub.
Bununla yanaşı masterklas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilib.
"CIDC-2025" ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcək.