Cənubi Kipr rəsmisi: "Rəqəmsal tərəqqi ölkələri və təşkilatları kiberrisklərə məruz qoyur"
- 18 noyabr, 2025
- 16:25
Rəqəmsal tərəqqi böyük imkanlar gətirməklə yanaşı ölkələri və təşkilatları əhəmiyyətli kiberrisklərə məruz qoyur.
"Report" xəbər verir ki, bunu Cənubi Kiprin milli tənzimləyici qurumunun kommunikasiya komissarı Georgi Mikaelides Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasında bildirib.
O qeyd edib ki, bu, iqtisadiyyatları iflic edə, milli təhlükəsizliyi zəiflədə, məxfi məlumatları təhlükəyə ata və rəqəmsal sistemlərə olan inamı sarsıda bilər: "Bugünkü qarşılıqlı əlaqəli dünyada kibertəhlükəsizlik artıq bir lüks deyil. Bu, bir zərurətdir və yalnız inkişaf etmiş dünya üçün deyil. Bütün bunları nəzərə alaraq, əməkdaşlıq, xüsusilə Kipr kimi kiçik dövlətlər üçün həm zəruri, həm də stratejidir".
Qonağın sözlərinə görə, rəqəmsal tərəqqinin inklüziv, təhlükəsiz və davamlı qalması, hər yerdə bütün insanlara xidmət etməsi təmin edilməlidir: "Tərəfdaşlıqların inkişafında, potensialın artırılmasında, siyasi dialoqda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) liderliyi sayəsində biz texnologiyaların üstünlüklərinin dünyanın hər küncünə çatmasını təmin edə bilərik. Ölkə olaraq inklüziv rəqəmsal ekosistemlər yaratmaq üçün İTU ilə sıx əməkdaşlığı davam etdirəcəyik".