Banklar üçün rəqəmsal fırıldaqçılığa qarşı yeni monitorinq standartları hazırlanır

İKT
  • 20 noyabr, 2025
  • 11:49
Banklar üçün rəqəmsal fırıldaqçılığa qarşı yeni monitorinq standartları hazırlanır

Azərbaycanda banklar üçün rəqəmsal fırıldaqçılığa qarşı yeni monitorinq standartları hazırlanır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, ən çətin aşkarlanan fırıldaqçılıq növlərindən biri müştərinin öz mobil tətbiqinə və ya elektron pul kisəsinə öz siması, barmaq izi və ya şifrə ilə daxil olub, üçüncü şəxsin göstərişlərinə uyğun olaraq əməliyyatı özü icra etməsidir.

O qeyd edib ki, hazırlanacaq yeni monitorinq standartları bir sıra əsas istiqamətləri əhatə edəcək: "Bunlara müştərinin tipik davranış modelinin analizi, cihazın identifikasiyası və unikal cihaz ID-lərinin müəyyənləşdirilməsi daxildir. Cihazda kompromis risklərinin və zərərli proqram təminatının aşkarlanması, kart, mobil və onlayn bankçılıqda geolokasiya analizlərinin aparılması da yeni mexanizmlərin tərkib hissəsi olacaq. Əməliyyat tezliyində anomaliyaların müəyyənləşdirilməsi, IP və interfeys analizləri, eləcə də "blacklist/whitelist" (qara və ağ siyahı) mexanizmlərinin tətbiqi də standartlara daxil ediləcək".

E.Cuvarov vurğulayıb ki, bu mexanizmlər beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq hazırlanır və bankların fırıldaqçılıqları daha çevik şəkildə aşkar etməsinə imkan verəcək.

Onun sözlərinə görə, yeni monitorinq sistemləri həm müştəri təhlükəsizliyini artıracaq, həm də real vaxtda risk analizi aparmağa şərait yaradacaq ki, bu da rəqəmsal fırıldaqçılıqla mübarizədə mühüm addım hesab olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti