"Bakı Metropoliteni" İT sistemlərini "Hökumət buludu"na köçürüb
- 03 fevral, 2026
- 10:37
"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" ölkə Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – "Bakı Metropoliteni" QSC İT sistemlərini "Hökumət buludu"na köçürüb. Qurumun informasiya sistemləri və ehtiyatları qismən "AzInTelecom" MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirilib.
"AzInTelecom" "Bakı Metropoliteni"nı Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) "bulud" xidmətləri göstərib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
"Hökumət buludu" layihəsini "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.
"AzInTelecom" "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.