"AzİnTelecom" "FIRST" beynəlxalq təşkilatına üzv olub
- 21 avqust, 2026
- 17:14
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi və tövsiyəsi ilə "AzInTelecom" MMC nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, üzvlük "AzInTelecom"un beynəlxalq CERT icması ilə əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübə-bilik mübadiləsi aparılması, habelə kibertəhdidlər və insidentlər barədə məlumat mübadiləsi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, nəqliyyat sektorunun kiberdayanıqlılığının gücləndirilməsinə və sektorda kibertəhlükəsizlik üzrə institusional imkanların inkişafına töhfə verəcək.
Ölkə Prezidentinin bu il avqustun 10-da təsdiq etdiyi qanunvericilik dəyişiklikləri ilə CERT və SOC-ların fəaliyyətinin hüquqi-institusional əsasları əhəmiyyətli dərəcədə təkmilləşdirilib, Milli CERT və sahə üzrə CERT-lər arasında məlumat mübadiləsi-koordinasiya mexanizmləri müəyyən edilib. Yeni tələblər CERT-lərin insidentlərin aşkarlanması, idarə edilməsi, real vaxt rejimində monitorinq, kibertəhdidlər barədə məlumatların toplanması və təhlili, habelə proaktiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə imkanların formalaşdırılmasını nəzərdə tutur.
Bu yanaşma kibertəhlükəsizliyin milli səviyyədə vahid koordinasiya ilə yanaşı, ayrı-ayrı sahələrin xüsusiyyətlərini nəzərə alan ixtisaslaşmış CERT-lər vasitəsilə təmin edilməsinə, kibertəhdidlərin daha erkən aşkarlanmasına və insidentlərə çevik cavab verilməsinə imkan yaradır. "AzInTelecom"un FIRST-ə üzv olması bu istiqamətdə atılmış mühüm addımlardan biridir.
MKA davamlı olaraq bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir, qanunvericilik aktlarının beynəlxalq standartlara və qabaqcıl təcrübəyə uyğunlaşdırılması istiqamətində təşəbbüslər irəli sürür. Ölkədə kibertəhlükəsizliyin və kiberdayanıqlılığın gücləndirilməsi, sahəvi CERT-lərin inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.